Bloklar qərar verdilər
Dünən Xalq Cəbhəsi və Müsavat partiyalarının rəhbərləri görüşüb. Müsavat Partiyasının qərargahında keçirilən görüşdə daha bir neçə dairə razılaşdırılıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı «Üç nöqtə»yə bildirib ki, artıq blokun 90-dan artıq dairədə vahid namizədi var: «Müsavat Partiyasının 4 deputatının dairələrini də razılaşdırdıq. Onlar öz dairələrində blokun vahid namizədləri olacaqlar. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı 33 saylı dairədə mənə güzəştə getdi. 8 saylı dairədən geri çəkilən AXCP sədrinin müavini Razi Nurullayev isə 23 saylı dairədən namizəd olacaq».
Bu gün isə AXCP Ali Məclisi ilə Müsavat Divanının birgə iclası keçiriləcək. İclasda seçki blokunun yaradılması haqda qərar veriləcəyi gözlənir. «Blokun adı ya AXCP-Müsavat, ya da Müsavat-AXCP olacaq. Bu məsələ püşklə müəyyənləşəcək».
Daha bir müxalifət seçki bloku da dünən seçkiylə bağlı iclas keçirib. Azərbaycan Demokrat, Ümid və Aydınlar Partiyasının birləşdiyi «Qarabağ» seçki blokunun səlahiyyətli nümayəndələri iclas keçirərək blokun emblemini (Sarı fonda qırmızı rəngli ayparanın içində qara rəngdə yazılmış QARABAĞ sözü və xarı bülbül gülünün rəsmi) təsdiq ediblər. Blokun səlahiyyətli nümayəndələrinin siyahısı da təsdiqlənib və sentyabrın 7-də sənədlər qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına göndərilib.
BAXCP, BQP və Ədalət Partiyasının təmsil olunduğu «İslahat» seçki blokunun isə namizədlər siyahısı hazırlanmaqdadır. Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa «Üç nöqtə»yə bildirib ki, hazırda «İslahat»ın namizədlər siyahısı hazırlanır və bu proses yekunlaşmaq üzrədir. O, blokun 100-dək namizədinin müəyyən olunduğunu qeyd edib.
F.Mustafa bildirib ki, «İslahat» blokunun başqa seçki bloklarına qouşlması məsələsi də gündəmdədir. Onun sözlərinə görə, bununla bağlı digər bloklardan «İslahat»a müraciət də daxil olub. Müraciətlərə yaxın günlərdə cavab veriləcək.
Hüseyn