Seçki prosesi başlasa da, razılıq əldə edilməyib
Parlament seçkilərinə rəsmi start verilməsinə bir neçə gün qalsa da, AXCP və Müsavat arasında seçki blokunun yaradılması məsələsi həllini tapmamış qalır. Açıqlamalardan belə məlum olur ki, əsasən 8 seçki dairəsində vahid namizədin müəyyənləşməsi məsələsi həll olunmamış qalır. Dünən isə məlum oldu ki, bu partiyalar problemi çözmək üçün qarşılıqlı şərtlər irəli sürürlər. Belə ki, AXCP Ali Məclisinin Rəyasət Heyəti partiyanın daha real namizədlərinə güzəşt müqabilində Müsavat Partiyası deputatlarının dairələrindən namizəd verməməyin mümkünlüyü haqda qərar qəbul edib. Partiya sədrinin müavini Fuad Qəhrəmanlı «Üç nöqtə»yə açıqlamasında deyib ki, Rəyasət Heyəti AXCP-Müsavat blokunun vahid namizədlərinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparıb: «Yekdil rəy ondan ibarət oldu ki, Müsavat deputatlarının vahid namizəd olmaları üçün müəyyən qarşılıqlı güzəştlər mümkündür. 41 saylı Sumqayıt seçki dairəsindən AXCP Sumqayıt şəhər şöbəsinin sədri Mahir Ağayev deputat İkram İsrafilə güzəştə gedə bilər. Bunun müqabilində Müsavatın 44 saylı Sumqayıt dairəsindən AXCP funksioneri, jurnalist Seymur Həziyevə güzəştə getməsini və sıravi üzvü Oqtay Tahirovun namizədliyinin geri götürülməsini istəyirik. Mən özüm də 34 saylı seçki dairəsində müsavatçı deputat Nəsib Nəsibliyə güzəştə gedə və 33 saylı Suraxanı seçki dairəsinə keçə bilərəm. 30 saylı seçki dairəsindən Müsavat Divanının üzvü Vurğun Əyyubun vahid namizəd olması qərarlaşdırılmışdı. Vurğun Əyyub işləmək üçün Türkiyəyə gedir və parlament seçkisində iştirak edə bilməyəcək. Ona görə də Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı 30 saylı dairədən namizəd olmaq istəsə, mən 33-cü dairədən namizəd ola bilərəm. 8 saylı Binəqədi seçki dairəsindən Arzu Səmədbəylinin vahid namizəd olması barədə də düşünürük. Danışıqları sürətləndirmək və bloku elan etmək üçün müəyyən güzəştlər qaçılmazdır. 2005-ci ildə 48 saylı Yevlax seçki dairəsində seçkiləri faktiki udmuş AXCP Yevlax rayon şöbəsinin sədri Şəkər İsgəndərliyə Müsavatdan güzəşt doğru olardı. Biz isə bunun müqabilində İmişlidə Müsavat Partiyasının deputatı İltizam Əkbərliyə güzəştə gedərik və o, blokun vahid namizədi olar».
Adının çəkilməsini istəməyən Müsavat funksoneri isə «Media forum» saytına deyib ki, seçki blokunun yaradılması üçün AXCP-nin üç dairədə güzəştə getməsi istənilir. Bunlar Divan üzvləri Qubad İbadoğlu, Adil Qeybulla və başqan müavini Mehman Cavadoğlunun namizəd olduqları dairələrdir: «Əgər sentyabrın 7-də partiya rəhbərlərinin keçirəcəyi görüşdə AXCP bu dairələrdə güzəştə getməsə, yəni Qubad İbadoğlu, Adil Qeybulla və Mehman Cavadoğlunun vahid namizəd olmasına razılıq verməsə, Müsavat Partiyası parlament seçkisinə ayrılıqda gedəcək. Müsavatın seçkiyə tək getməsinə dair sənədlər hazırdır və 7 sentyabr görüşü nəticəsiz bitsə, dərhal Mərkəzi Seçki Komissiyasına göndəriləcək».
Hüseyn