Ekspertlərin rəyi müxtəlifdir
Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri başa çatsa da, səfərin nəticələri müzakirə olunmaqdadı. Ekspertlərin bu səfər barədə rəyləri isə müxtəlifdir. Məsələn, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, səfər ümumən gözləntiləri doğruldub: «İki qonşu və bir-birinə çox sıx bağlı olan ölkələr ümumən qarşılarına qoyduqları məqsədlərinə çata bildilər. Bu iki ölkənin birgə çalışacağı sahələr kifayət qədər çoxdur. Eyni zamanda bir-birinin təhlükəsizliyinə hər hansı problem yaratmayacağı barədə əvvəllər götürdükləri öhtəliklər bir daha təsdiq edilməli idi. Azərbaycan Rusiya üçün o mənada əhəmiyyətlidir ki, Cənubi Qafqazda Rusiyanın yeganə etibar edib, iş aparacağı ölkə ancaq Azərbaycandır. Gürcüstan məlum səbəblərdən bu siyahıda yoxdur. Ermənistan özünü Rusiyaya yaxın hesab etsə də onun zəif dövlətçiliyi, zəif iqtisadiyyatı, aqressiv xarici siyasəti Ermənistanın hər hansı bir bu regionda konstruktiv rol oynmasını istisna edir. Rusiya isə Azərbaycan üçün ilk növbədə yaxın qonşu kimi önəmlidir. Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində də Rusiya əhəmiyyətli rol oynaya bilər. Düzdür, onun Ermənistanla sıx əlaqələri, o cümlədən hərbi əməkdaşlığı mövcuddur. Ancaq Azərbaycan üçün lazımdır ki, bu hərbi əməkdaşlıq Azərbaycana qarşı yönəlməsin». A.Mirzəzadə Medvedyevin İrəvana səfəri zamanı imzalanan hərbi əməkdaşlıq barədə müqavilənin Azərbaycanda doğurduğu narahatlıqlara məfər zamanı aydınlıq gətirildiyi qənaətindədir: «Azərbaycanda bu müqavilənin ölkəmizə təsiri barədə çox danışıldı. Əlbəttə, Azərbaycan cəmiyyətinin bundan narahat olması üçün kifayət qədər əsası var. Səfər zamanı mətbuat konfransında Medvedyev Ermənistan jurnalistinə «biz həmişə Ermənistanın yanındayıq deməsi Azərbaycanı çox narahat edir. Və səfər zamanı Medveyev görünür Azərbaycandakı narahatlıqdan xəbərdar olduğuna görə, müqavilənin Azərbaycan üçün hər hansı bir problem yaratmayacağını, Rusiyanın Dağlıq Qarabağ probleminin həllində ancaq vasitəçi rolunu oynayacağını bir daha vurğuladı. Bu isə Rusiyanın Azərbaycan kimi bir qonşunu itirmək təklükəsini anlamasından irəli gəlir».
Politoloq Razi Nurullayev isə hesab edir ki, Medvedyevin indiki ərəfədə Azərbaycana səfər etməsi ntiəcə etibarilə Azərbaycanın ziyanına olan bir hadisədir: «Çünki beynəlxalq ictimaiyyət də, Azərbaycan cəmiyyəti özü də Rusiyanın bu addımına təpki gözləyirdi. Lakin Azərbaycan üçün Rusiyaya kobud formada təpki göstərilməsinin də pis nəticələri ola bilərdi. Ona görə də bu səfər Azərbaycanın imicinə xələl gətirdi. Yəni belə çıxdı ki, Rusiya doğrudan da region ölkələri ilə istədiyi kimi rəftar edir. Azərbaycanın əleyhinə olan müqaviləni imzalayır, sonra da Azərbaycana gəlir və isti qarşılanır». R.Nurullayevin sözlərinə görə, bu münasibəti Medvedyev səfər zamanı açıqlamalarında da sətiraltı ifadə edib: «Medvedyev Gümrüdə Rusiya hərbi kontingentinin xidmət müddətini 2044-cü ilə kimi uzatmaq üçün imzaladığı müqavilənin də əhəmiytli bir şey olmadığını söylədi. Lakin, həm də dedi ki, bu müqavilə Qafqazda müharibələrin qarşısının alınması və sabitlik yaratmaq üçündür. Əlavə də etdi: «Axı, biz də Qafqazlıyıq». Yəni Rusiya prezidenti demək istədi ki, Qafqaz müstəqil ola bilməz. Rusiya da Qafqazdır və Rusiyasız atılan hər bir addım, Rusiyadan izazə almadan atılan hər bir təşəbbüs Rusiyanın silahına tuş gələcək». R.Nurullayevə görə, Rusiya prezidentinin səfəri zamanı imzalanan digər müqavilələrin də əhəmiyyətliliyini məhz Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün əhəmiyyətliliyi baxımından qiymətləndirmək lazımdır: «Yəni bu şkalada Azərbaycan üçün Dağlıq Qarabağ probleminin həllinin əhəmiyyətliliyi artdıqca, Rusiya kimi bir dövlətlə bağlanan müqavilələrin əhəmiyyətlilik dərəcəsi azalır. Nəinki azalır, hətta bu müqavilələr Azərbaycanın
ziyanına sayıla bilər».
Hüseyn Alyarlı