Qadınlar uğurlu gələcəyə gün kimi doğmalıdırlar
“Cinsindən asılı olmayaraq dünyanın çərxini çevirməyə qadir olan insanlar böyüdülməlidir”
Bəzi qadınların təəssüflə işlətdiyi “qadın olaraq dünyaya bir addım geridən başlayırıq” ifadəsi, görünür, heç vaxt dillərdən düşməyəcək. Özlərinin ixtiyarı olmadan qız övladı olaraq doğulmaq çox qadının elə bələkdəcə gələcək taleyini həll edir. Azyaşlı qızlar “qadının vəzifələri” dərsini alır və həyatı boyu buna ən ali məqsəd kimi nail olmaq üçün çalışırlar. Keçən əsrin qadın düşüncə modelinə nəzər yetirək:
“Qadının ilkin vəzifələri – yemək bişirmək, evin istiliyini qorumaq və uşaqları saxlamaq idi”.
Nəzərə alınmır ki, bu sivilizasiyadan çox-çox əvvəl həyatda qalmaq üçün ilkin vəzifə bölgüsü olmuşdur. Axı indi XXI əsrdir! Hər kəs texnologiyanın üstün bacarıqlarından, həyatımızı necə asanlaşdırmağından danışır. Ancaq, bəzi dünya ölkələrində hələ də ailədə qadının ağır işçi qüvvəsi olduğunu təkid etməkdə davam edir. Bundan savayı, qadının çiyinlərinə ömürlük daşımalı olduğu “namus” yükü qoyulur. Bəzi atalar utandıqlarındanmı, pemançılıqdanmı, bəlkə də qorumaq istəyindənmidir körpə qız övladlarına oğlansayağı hərəkət etməyi öyrədir, çox zaman da qadın geyimlərindən uzaq durmağı tələb edirlər. Bir zamanlar çadraların qorumağa qadir olmadığı qadınları müasir zamanda şalvar və bu kimi geyimlərin qadınları “gözdən uzaq ” tutacağını zənn edirlər.
Azad ruhlu, qürurlu və hüquqlarını tələb etməyi bacaran qadınlar elə XX əsrdə çadradan can qurtardığı kimi, indi də bununla mübarizə aparırlar. Övlad böyütmək, tərbiyə vermək və vətənpərvər fərd yetişdirməklə analıq borcunu yerinə yetirən anaların çox zaman övlad üzərində haqqı heçə bərabər tutulur, uşaq haqqında son qərar evdə tək sayılan “ailə başçısı ” ata tərəfindən verilir. Bu da iki nəfər tərəfindən qurulmuş ailənin bir kiçik qurum kimi zəifliyindən, yalnız təktərəfli istəklərin nəzərə alınmağından xəbər verir.
Hələ qızların təhsil, oxumaq, seçilmək və seçmək hüququ... Şərqdə ilk qızlar məktəbinin yaradıcısı, sərvətini xalqın gələcək rifahı üçün sərf edən böyük səxavət sahibi, maarifçi Hacı Zeynalabdin Tağıyev bilsə idi ki, qadın astronavtlarının dünyanın ətrafında dövr etdiyi XXI əsrdə onun qızlara açdığı işıqlı təhsil yolunun önünü bəzi regionlarda zəif dünyagörüşlü insanlar müxtəlif və yersiz səbəblərdən kəsirlər, bu zaman yəqin ki, o bu cür cəhalətə böyük təəssüf edərdi.
Hələ də bəzi regionlarımızda, eləcə də Türkiyədə, Hindistanda, Afrika ölkələrində qızların aşağı siniflərdə məktəbdən alınıb yarımçıq təhsil verilməsi gün kimi aydındır. Bu məsələni dünyada qlobal gender problemlərinə aid edirlər. Halbuki, bir təhsilli qadın, bir təhsilli ailə deməkdir. Qadınların təhsil alması, özü üçün karyera qurması ilk olaraq ailənin kişinin üzərinə düşən məişət qayğılarını azaldır, bundan daha yüksək, cəmiyyətin sosial inkişaf göstəricisini qaldırır. Bir sözlə, kişilərlə birlikdə külüng vuran qadınlar ölkənin maddi rifahının iki qat artmasına vəsilə olur. “Qoruyucu” valideynlər tərəfindən qarşısına aşılmaz sərhədlər qoyulan qızlar əksər hallarda təhsil və elm sahəsində qazandıqları nailiyyətlərlə həm valideynlərinə, həm də vətənlərinə böyük fəxr hissi yaşadırlar.
Seçmək və seçilmək hüququ məsələsinin nöqtəsi hələ Cümhuriyyət dövründə 1918-ci ildə qadınların seçmək haqqının tanınması ilə qoyulsa da, hələki qadınlar bir çox sahədə müstəqil qərar verməkdən məhrum edilir. Erkən yaşda “ailə başçısı” olmağa məcbur edilən balaca qız uşaqları yetkinlik yaşlarına çatdıqları zaman belə qərarlar özləri tərəfindən deyil, böyükləri, yəni valideynləri tərəfindən verilir. Hüquq qaydalarının hələ də aciz qaldığı bu utandırıcı proses, əsasən, ölkənin mərkəzindən kənarda baş verməsinə baxmayaraq bu cür azyaşlı ailə qurmaq məsələsində cəmiyyətimizdə nənələrimizi misal kimi göstərilərək dəstəklənilir.
O zamankı mühiti və şərtləri nəzərə alsaq, gərək onda hələ də “avtomobil minməyək”. Ədiblərimizin hər zaman diqqətdə saxladığı, mübarizə apardığı və xalqı doğru yola çağırdığı “erkən nikah”lar köhnə adət və ənənələrdən qalma, bəzi din altında cəmiyyəti cəhalətə sürükləyən “din xadimlərinin” xalqı dolduruşa gətirməsi nəticəsində baş verirdi. Qara mövhumatın qurbanı olan azyaşlı, özünü dərk etməyən, qadınlıq əlamətləri hissi olmayan qız uşaqları cəmiyyət tərəfindən bir növ satılmağa məruz qalır.
Şərq dünyası erkən nikahın qızğın nöqtəsi sayılsa da, Avropa və dünyanın başqa qitələrində də azyaşlı qızlar kitablarından uzaq düşür və zorla başlıq parası qarşılığında özlərindən xeyli yaşlı insanlara satılırlar. Bu onlarda həm bioloji, həm də psixoloji izlər qoyur. Birincisi, yetkin olmayan qızların əksəri doğuş zamanı həyatını itirir. Buna səbəb isə hələ tam qadın kimi formalaşmayan orqanların ağrı və əzablara tab gətirə bilməməsidir. İkincisi isə, psixoloji zərbədir. Ailəsi tərəfindən istənilməyən və “vaxtı çatan kimi” başdan edilməsi, yaşıdlarından ayrı düşməsi və uşaq vərdişlərinin ər ocağında gətirdiyi kobud və vəhşi davranışlar azyaşlı qızlarda ağır psixoloji zərbəyə səbəb olur. Bundan əlavə, azyaşlı qadın tərəfindən dünyaya gətirilən körpələr bəzən ölüm və həyat arasında mübarizə aparmalı olur və əksərində nəzərə çarpacaq qüsurlar aşkarlanır. Bunun özü isə xəstə cəmiyyətin yaranmasına, xalqın inkişafdan qalmasına və bir çox tibbi problemlərə gətirib çıxarır. Bu qlobal problem olduğu üçün beynəlxalq addımların atılması, əlaqədar qurumların daha da sərt cəzalar qoyması və düzgün maarifləndirmə işlərinin görülməsi vacibdir.
Qızların cəmiyyətdən ayrı düşməsi, əks-cinslə arasına dağ boyda məsafə qoyulması, intellektual fərd kimi diskusiyyalarda iştirak edə bilməməsi özü ilə bərabər bir çox kommunikativ problemlər gətirir. Bu həm gender balansının sərt şəkildə pozulmasına və daha dərinə getsək, ailə prosesində yoldaşlıq anlayışının itməsinə və ailənin yalnız bir fərd-kişi başçısı tərəfindən idarə olunmasına, dolayısı ilə yükün yalnız bir valideynin üzərinə düşməsinə səbəb olur. Bəzi kişilər bunu qürur duyğusu ilə qarışdırsalar da, bəziləri hər zaman onlara əl uzadacaq, birlikdə valideyn yükünün altından qalxa biləcək yoldaşlarının olmasının tərəfdarıdır. Bu isə “qadın hüquqları” yolunda atılmış ən vacib addımlardan biridir. Bəzən “kor yolçu” kimi qələmə verilən “feministlər” sərt çıxışlar edir, protesto yolunu seçib beynəlxalq şəkildə mübarizə aparırlar. Anlamaq lazımdır ki, bu məsələni həll etmək üçün əvvəlcə ailədə maarifləndirmə aparılması, dərsliklərin və praktik şəkildə qadın gücündən xalqın xeyrinə və uğuruna necə istifadə oluna biləcəyini göstərmək lazımdır. Ancaq müasir inkişaf etmiş cəmiyyətdə ilk olaraq cinsindən asılı olmayaraq dünyanın çərxini çevirməyə qadir olan insanlar böyütməli, qadınların bir şəxsiyyət kimi formalaşmasını dəstəkləməli və sağlam ailə sütunları qorunmalıdır. Bəzən ətrafdan eşitdiyimiz “balaca (azyaşlı) gəlini idarə etmək asan olur” cümləsindəki o “balaca gəlinləri” cəmiyyətimizə təhsilli qadın olaraq qazandırmalı və əsl idarəçi kimi yetişdirməliyik. Hüseyn Cavidin də “Şərq qadını” şeirində mütərəqqi, nikbin, əyilməz, güclü bir şərq qadının dilindən verildiyi kimi kimi:
İştə, ən şanlı üfüqlərdə uçan
Şərqin azadə, gülər bir qızıyım;
Uca həşmətli fəzalardan aşan
Pəmbə bir yıldızıyım!..
Qadınlar uğurlu gələcəyə gün kimi doğmalıdırlar!
Vəfa Movlayeva
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbəsi