Lalə Mehralı: “Vaxt vardı “chat”a girən qızlara az qala əxlaqsız damğası vurulurdu”
Elnur Rüstəmov: “Azərbaycan cəmiyyəti artıq demək olar ki, bu adaptasiya mərhələsini keçib”
Əvvəllər “Yaxşı qız internetə girməz”- deyərdilər. Amma zaman keçdikcə insanlar arasında olan bu düşüncə də dəyişdi. Artıq bu gün əvvəllər internetdən istifadə edilməsinə mənfi baxan gənclərin bir çoxu artıq internetdə qız və ya oğlan tanışı olmayan yoldaşlarına təəccüblə baxırlar. Araşdırmalar nəticəsində məlum olub ki, hər il dünyada bir milyon insan internet vasitəsilə tapdığı partnyorla ailə həyatı qurur. Bu tendensiyanın geniş yayıldığı ölkələr siyahısına ABŞ, İsveçrə və bir neçə Avropa ölkəsi başçılıq edir. Azərbaycan hələ ki, bu mövzuda irəlidə olan ölkələr içərisində yer almasa da, internet vasitəsilə ailə quranlar da az deyil. Biz də məsələnin vacibliyini və aktuallığını nəzərə alaraq mövzunu araşdırdıq. Ümumiyyətlə, sosial şəbəkələrlə tanışlıqla evlilik məsələsinə necə baxmalıyıq?
Mövzu ilə bağlı “Ucnoqta.az”a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirdi ki, Azərbaycan cəmiyyəti demək olar ki, bu uyğunlaşma mərhələsini keçib:
“Tərəflər ailə qurmamışdan öncə bir-biriləri ilə tanış olurlar. Əvvəllər bu tanışlıq ya bulaq başında, ya da hər hansı bir tanışın tövsiyəsi ilə baş tuturdu. Tanışlıq mərhələsi həmin dövrün şəraitinə uyğun formada həyata keçirilirdi. Yenə də əsas mahiyyət tərəflərin tanış olması idi. Lakin biz indi informasiya, internet əsrində yaşadığımız üçün artıq tanışlıqlar internet üzərindən aparılır. Çünki insanlar haqqında sosial şəbəkələrdə, internetdə və digər mənbələrdə kifayət qədər məlumat var. Sadəcə yaxşı olardı ki, tərəflər internet vasitəsilə tanış olduqdan sonra bu tanışlığı sırf internet üzərindən davam etdirməsinlər. Biri var virtual, biri də var real ünsiyyət. İnsanlar canlı olaraq bir-birini görəndə artıq jest, mimika, səs tembrindən və s. bir-birini daha yaxından tanıyırlar. Canlı ünsiyyət tərəf haqqında daha çox informasiya verir, bu verilən informasiya da real olur. Əgər əvvəllər internet üzərindən tanış olub ailə quranlara fərqli baxırdılarsa, bu gün bu proses yoxdur. Nəinki Azərbaycan, hətta internet vasitəsilə əcnəbi vətəndaşlarla da tanış olub ailə quranlar var”.
Psixoloq internet vasitəsilə tanış olanları yetərincə diqqətli olmağa çağırdı: “Çünki internet tanışlığından istifadə edib qarşı tərəfi şantaj edənlər və digər problemlər yaradanlar olur. Tərəflər tanış olduqları təqdirdə virtualdan reala keçsələr daha məqsədəuyğun olar. Bu ən azından münasibətlərin sonralar davam edib etməyəcəyi barəsində real və obyektiv qənaətə gəlmələrinə kömək edər”.
E.Rüstəmov qeyd etdi ki, internet vasitəsilə tanışlıq mərhələsini aşmaq cəmiyyətimiz üçün heç də asan olmadı: “Bir müddət buna qarşı basqılar da oldu. “İnternetdə tanış olub ailə qurublar, bu necə ailə qurmaqdır? ”- deyənlər də az olmadı. Ancaq zamanın öz tələbləri var. Əgər əvvəllər internet istifadəçilərinin sayı 20-30 faiz idisə, bu gün həmin rəqəm 80-90 faiz təşkil edir. Söhbət həddi buluğa çatmış insanlardan gedir. İndi rəsmi şəkildə feysbukda 13-14 yaşdan sonra qeydiyyatdan keçə bilirlər. Düzdür, yuxarı yaş qrupunda olanlar daha çoxdur. Amma bununla yanaşı orda uşaqlar da az deyil. Əvvəllər istifadəçilər az idi, bu gün isə çoxdur. Ona görə də bu öz təbii axarı ilə getdi və artıq o qınaq da geridə qaldı”.
Psixoloqun sözlərinə görə, bəzi insanlar sosial şəbəkə ilə tanışlıqla qurulan ailələrin tez dağıldığını deyirlər: “Bu çox subyektiv bir fikirdir. Belə ki, biz bunun paralelində ortalığa belə bir fikir qoya bilərik ki, orta məktəbdən bir-birilərini sevib evlənən cütlüyün ailəsi 1 il dayanıqlı olmayıb. Yəni, bir ildən sonra ailələri dağılıb. Əgər ailədə konflikt varsa, ailə dağılırsa onların harada tanış olmasının mənası yoxdur. İstər sosial şəbəkədə, istərsə də hər hansı bir məclisdə olsun. Bunların heç birində zəmanət yoxdur. Burada əsas məsələ tərəflərin fiziki və ruhsal uyğunluğundan gedir. Yetər ki, dürüst və münasibəti davam etdirmək gücündə olsunlar. Bəhanələr isə həmişə var”.
E. Rüstəmov bu məsələnin bir sıra mənfi tərəflərini də vurğuladı: “Sosial şəbəkədə olan insan ola bilər ki, özü haqqında kifayət qədər məlumat verməsin. Misal üçün, hər hansı bir psixoloji narahatçılığı, yaxud ailəli olduğunu və s. bu kimi halları gizlədə bilər. Çünki bunun üçün konkret olaraq hər hansı bir mexanizm yoxdur. Bu kimi mənfi hallarla az da olsa rastlaşmaq olar”. E.Rüstəmov əlavə etdi ki, bəzən valideynlər öz beyinlərində övladının kiminləsə ailə qurmasını arzulayırlar: “Misal üçün oğlunun filankəsin qızı ilə ailə qurmasını istəyir. Oğlanın da özünün sosial şəbəkədə, yaxud realda danışıb sevdiyi biri var deyə, valideynin dediyi qızla ailə qurmur. Bundan dolayı valideynlərdə müəyyən narazılıq halları olur. Əgər burda valideynin “ancaq və ancaq mənim dediyim insanla ailə quracaqsan” fikri, yaxud hər hansı bir köklü səbəb yoxdursa valideyn övladının xoşbəxtliyinə qarşı çıxmır. Valideynlərin internet vasitəsilə evliliyə qarşı çıxma səbəblərindən biri də bəzən ailələrin bir-birinə uyğunsuzluğu ilə bağlı olur. Və belə qorxulardan dolayı valideynlər müqavimət göstərə bilirlər”.
Sağlam Cəmiyyət İB-nin sədri, jurnalist-soioloq Lalə Mehralı bildirdi ki, əvvəllər, internetin yeni istifadəsi illərində virtual tanışlıqlar o qədər də ciddi hesab edilmirdi. Amma internet vasitəsi ilə tanış olub evlənənlərin sayı artdıqca düşüncə tərzi də dəyişdi:
“Düzdür, yaşlı nəsil gənclərin duyğu, düşüncələrini virtual deyil, bir-birinin gözünə baxaraq, səslərini dinləyərək etiraf etmələrinin tərəfdarıdır. Amma gənc nəsil virtual məkanda hisslərin daha yaxşı ifadə edildiyi qənaətindədir. Maraqlıdır ki, virtual tanışlıqların əksəriyyətində evlilik təklifi elə virtual edilib. Amma internet tanışlığının tezliklə evliliyə çevrilməsinin əleyhinəyəm –tərəflər bir-birini tanımalı, bir-birinin həyatına bələd olmalı, zövqlər, hisslər barədə məlumatlanmalıdır. Deyə bilərsiniz ki, neçə illər bir-birini tanıyan, hətta 3-4 il nişanlı qalan cütlüklər belə evlilik zamanı problemlər yaşayırlar. Doğrudur, bu kimi hallar var. Amma fərdlər və münasibətlər bir-birinin təkrarı deyil, hər münasibət özəldir. Üz-üzə ünsiyyət insanlara qarşıdakını tanıya bilmək baxımından daha çox əlverişlidir, qarşındakının gözlərinə baxmaq, hisslərini duymaq, hərəkətlərindən nəticə çıxarmaq kimi bir üstünlüyü var”.
L.Mehralı qeyd etdi ki, qarşılıqlı ünsiyyət zamanı səs tonu, söhbət mədəniyyəti, davranış kodeksləri, bədən dili, ünsiyyət tərzi kimi bir çox faktorlar göz önündə olur və onlar doğru qərar verməkdə insana yardımçı olur: “Bu, bütün hallarda virtual dünyadan, bir monitorun ekranında oxunan yazılı mesajlardan və ünsiyyətdən daha realdır. Düzdür, internet tanışlığının sonu gerçəkdən tanışlıqla bitir, uzun müddətdir tanıdığınız virtual dostunuzu realda da görürsünüz, sizin onun barədə fikirləriniz ya olduğu kimi qalır, ya bütün düşüncələriniz alt-üst olur, ya da gözlədiyinizdən daha yaxşı nəticə baş verir. Virtual məkan dostluqları önəmlidir, amma bu dostluq evliliyə çevriləcəksə, daha diqqətli olmaq şərtdir”.
Jurnalist-sosioloq əlavə etdi ki, vaxt vardı “chat”a girən qızlara az qala əxlaqsız damğası vurulurdu: “Dövr dəyişdikcə, internet anlayışı bəsitləşdikcə bu düşüncələr azaldı. İndi demək olar ki, sosial şəbəkədə hesabı olmayan gənc yoxdur. İnternet vasitəsi ilə tanış olub evlənən çox gənc var və əksəriyyəti xoşbəxt ailə sahibidir. Boşanma hallarında internet tanışlığını əsas göstərmək məncə doğru deyil. İnternetsiz ailə quranlar arasında bu qədər yüksək boşanma statistikası varsa demək ki, problem başqa şeylərdədir”.
Könül Əhmədova