Narınc Rüstəmova: “Bir neçə dil öyrənən uşaqlarda nitq problemləri daha çox yaranır”
Xarici dil biliyi üstünlükdür. Bunu bilən valideynlər çox zaman kiçik yaşlarından uşaqları bir neçə dil kursuna göndərirlər, yaxud Azərbaycan dilində danışan uşağın yanında rusca danışırlar ki, onu da öyrətsinlər. Hələ bu azmış kimi, rus və ingilis dili kursuna eyni vaxtda göndərirlər. Bunun uşağın gələcəyi üçün vacib olduğunu deyirlər. Bəs bu, uşaqların psixologiyasına nə kimi təsir göstərir?
Uşaq psixoloqu Narınc Rüstəmova “Üç nöqtə”yə açıqlamasında bildirdi ki, bir neçə dil öyrənən uşaqlarda nitq problemləri daha çox yaranır: “Nitq inkişafında problemi olan uşaqlarla işləyəndə, onların əksəriyyətində bunu görürük. Bir neçə dili öyrətməyə çalışarkən uşaqlarda gec dil açma, kəkələmə problemləri daha çox müşahidə olunur. Çünki uşaqlarda dil bacarıqları beş yaşından sonra formalaşır. Biz əsas ailədə əsas danışıq dilinin hansı olduğuna baxmalıyıq. Əsas danışıq hansı dildə olursa, uşağın dil biliyinin əsas o istiqamətdə inkişaf etməsi üçün çalışılmalıdır. Bəzən ana-ata özü rus dilində bilmir, amma öz uşağını rus dilində öyrətməyə çalışır. Onlara rus dilində cizgi filmləri izlətdirirlər. Bu uşaqlarda nəinki özgüvəni sındırır, irəlidə nitq problemi yaradır, bunun bərabərində uşağın təhsil səviyyəsini də aşağı düşürür. Bu gün rus sektorunda oxuyub, zəif qiymət alan nə qədər uşaqlarımz var ki, əslində onlar Azərbaycan sektoruna getsələr daha çox uğur qazanarlar. Çünki rus dilində bilməyən ana onların dərsləri ilə məşğul ola bilmir. Ailə rus dilində bilmir. Hətta biz də bunun təbliğatını edirik. Çox ailə bunu şərəf, ün kimi bilib əlavə dilə qaçırlar”.
Psixoloq deyir ki, uşağa xarici dil öyrətmək üçün tələsmək lazım deyil: “Belə bir deyim var: Nə qədər çox dil bilirsənsə o qədər çox tanışın, dostun var. Təbii ki, müasir dövrümüzdə dil bacarığı vacib bir faktordur. Amma bunun üçün tələsmək lazım deyil. Hər şey öz vaxtında gözəldir. Xüsusilə uşaqlarda dil bacarığı 4-5 yaşından sonra formalaşır. Valideyn maksimum dərəcədə beş yaşına qədər uşaqda ikinci dildən qaçmalıdır. Məsələn, mənim oğlum hazırda ingilis sektorlu məktəbdə oxuyur. Yəni təhsilini ingilis dilində alır. Biz də evdə ingilis dilindən istifadə etməyə çalışırıq ki, o daha rahat öyrənsin. Və mən beş yaşına qədər övladımın tamamilə azərbaycandilli bir bağçada təhsil almasına şərait yaratmışam. Düzdür, mən də bunu iki-üç yaşında da edə bilərdim. Erkən dil ilə rastlaşmanı hər uşaq həzm edə bilmir. Rusiyada yaşayan azərbaycanlı ailənin övladı rus dilində məktəbə gedirsə, evdə danışıq Azərbaycan dilində olursa, bu zaman uşaq iki dil arasında qalır və onda kəkələmə problemi yaranır. Hətta bir evdə bir neçə uşaqda yaranır. Böyük qardaş kəkələyir, kiçik də ona baxıb kəkələyir. Ona görə də, valideynlər beş yaşa qədər dil kurslarında mümkün qədər qaçmalıdırlar. Düzdür, bəzən baxçalar qiyməti artırmaq üçün, iki yaşlı uşağa ingilis dili, rus dili keçiləcək deyə reklam xarakterli vədlər verirlər. Valideynlər də buna üstünlük verirlər. Bu kommersiya məqsədli üsuldur. Valideynlər əgər o dildən istifadə etmirlərsə, beş yaşına qədər ikinci bir dil olmaz”.
Narınc Rüstəmova dedi ki, azyaşlı uşaqlarda dil probleminin yaranma səbəblərindən biri də cizgi filmlərinin öz dilimizdə olmamasıdır: “Uşaqlar məcbur olub planşet, telefon, yaxud televizorda cizgi filmlərinə rus, ingilis, türk və sairə dillərdə baxırlar. Və bu uşaqların əlavə dilinə təsir edir. Kinolar, seriallara kimi, öz dilimizdə olan cizgi filmlərinin də çəkilişinə böyük yatırım ayrılmasını istəyərdim. İnanıram ki yaxın gələcəkdə cizgi filmlərinə də böyük bir yatırım olacaq. Çünki, bu çox böyük maliyyə tələb edən sahədir. Niyə bizim uşaqlarımız xarici obrazlara bənzəmək istəsinlər? Uşaqların çoxu “Spiderman” (hörümçək adam) olmaq istəyir. Bəlkə yerli keyfiyyətli cizgi filmləri çəkilsə, bu qədər xəstəliklər, nitq inkişafı problemi olmaz. Nə qədər planşetə, kompüterə baxan, əlavə filmləri dinləyən, “Maşa və Medved”ə baxan və bu şəkildə dilləri qarışdıran uşaqlar var. Bu gün bizə 3-4 yaşlı uşaqlar gəlir ki, danışa bilmir, “anne” deyir, “papa” deyir. Hamıyla gah rusca, gah türkcə danışır. Ona görə də valideyn bu problemlərdən qaçmalıdır. Ailə qarşısına bir hədəf, məqsəd qoymalıdır. Bəzən valideynlər deyir ki, mənim uşağımın potensialı güclüdür, yaddaşı elə yaxşıdır ki, hər şeyi yadında saxlayır, hər şeyi götürür. Bəzən bizə gələn valideynlər uşaqlara deyir ki, Narınc xalaya rusca, ingiliscə 10-dək say. Elə fəxr, qürur hissi duyurlar ki, mənim uşağım ingiliscə, rusca saya bilir. Halbuki, uşaq Azərbaycan dilində danışa bilmir, amma ingilis dilində mənə sayır. Yəni, bunlar olmamalıdır. Əgər ailə özü rus dilli deyilsə, uşağa qətiyyən bu dil olmaz. Bu uşaqların özgüvənini azaldır, uşaqlarla ünsiyyət problemi yaradır. Bu tip uşaqlar bilmir ki, hansı dildə düşünsün, hansı dildə cavab versin. Bu zaman cavab vermədə gecikmə yaranır. Azərbaycan dilində düşünür, rus dilində danışır, yaxud da bu hal əksinə olur. Və belə olduqda kaşa-maşa yaranır. Uşaq öz fikrini çatdıra bilmir. Dostları azalmağa başlayır, tək oynamağa meyllənir. Ona görə, ikinci dilin vaxtında olmaması çox böyük problemlər yaradır. Yəni, bu problemin üstünə çox düşmək lazımdır”.
Psixoloqun sözlərinə görə, xarici dili uşaqlara öyrədən zaman onların maraq dairəsini nəzərə almaq lazımdır: “Uşaqlar hər şeyi daha çox əyləncə və oyunlarla öyrənirlər. Ona görə də, uşaqlar praktik təşkil etməyi öyrənməlidirlər. Məsələn, uşaq rəngləri özü ala bilər, bir rəngin digər rənglə qarışığından hansı rəngin alındığını, yaxud rəngləri suyun üzərində keçərək öyrədə bilərlər. Hərfləri heyvan modelləri kimi öyrədə bilərlər. Məsələn, A-nın, B-nin V-nin qarnı var, onlar qarınlı, bığlı bir kişidir. Bu tipli maraqlı bir personojlar düzəldə bilərlər. Çünki uşaqlar əyləncəli, şəkilli, toxuna, işlədə biləcəyi oyuncaqları, əyani vəsaitləri daha tez öyrənirlər. Bir kukla üzərində gözü, burnu öyrənə bilər. Onun gözünü necə taxmaq lazım olduğunu, onunla kontakta girməyi bu şəkildə öyrənə bilər.
Təcrübəylə öyrəndikdə, uşaqlar dil bacarığını daha tez qavrayırlar. Bir də davamlı işlək olmalıdır. Uşağın əhatəsi o dildən istifadə etməlidir ki, uşaq dili unutmasın və dilə həvəs göstərsin. Bizdə rus sektorundan uşaqlar var ki, ana Azərbaycan sektorudu, amma uşaq anası ilə rus dilində danışmır. Amma kənardan rus dilli uşaq yaxud başqa adam gördükdə onunla danışır. Evdə nə qədər yalvarsaq da, bizə rus dilində bir söz də demir. Uşaq özü də artıq zamanla dilləri qarışdırmağa başlayır. Xarakterində kompleks yaranır. Ona görə də, uşaqlara beş yaşından tez ikinci bir dil öyrətmək məsləhət deyil”.
Könül Əhmədova