Bangladeşli diplomat Xalilur Rahman BMT Baş Assambleyasının 81-ci sessiyasının (sentyabr 2026 – sentyabr 2027) Prezidenti seçilib.
Ucnoqta.az-ın ABŞ bürosu səbər verir ki, diplomat keçirilən səsvermədə 190 səsdən 99-nu qazanaraq Kiprin daimi nümayəndəsi Andreas S. Kakourisi (91 səs) qabaqlayıb.
Prezident seçildikdən sonra çıxış edən K.Rahman fəaliyyətini altı əsas istiqamət üzərində quracağını açıqlayıb: sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə, insan hüquqlarının təşviqi, süni intellekt və digər yeni texnologiyaların inklüziv idarə olunması, eləcə də BMT sistemində islahatların irəlilədilməsi.
K.Rahman xüsusilə münaqişələrin qarşısının alınmasına, sülhyaratma səylərinin gücləndirilməsinə, inkişaf etməkdə olan ölkələrin maliyyə və borc problemlərinə diqqət yetirəcəyini vurğulayıb. O, həmçinin iqlim öhdəliklərinin yerinə yetirilməsini, “itki və zərər” fondunun fəaliyyətə başlamasını və okeanların mühafizəsi üzrə beynəlxalq əməkdaşlığın artırılmasını dəstəkləyəcəyini bildirib.
Yeni seçilmiş prezident çıxışında BMT-yə etimadın bərpası, üzv dövlətlər arasında konsensusun təşviqi və Baş Assambleyanın daha effektiv, üzv dövlətlər tərəfindən yönləndirilən bir platformaya çevrilməsinin əsas prioritetləri sırasında olacağını qeyd edib.
Vüsalə Abbasova