Ucnoqta.az
www.ucnoqta.az

Mayın 24-də imtahan var

10:13 - 21 May 2026 tarixində dərc olunub.

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

DİM-dən Ucnoqta.az-a verilən məlumata görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 15-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

"İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma və aturiyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 231 imtahan binası, 4206 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 231 ümumi imtahan rəhbəri, 665 imtahan rəhbəri, 5211 nəzarətçi, 762 buraxılış rejimi əməkdaşı, 231 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 28507, III ixtisas qrupu üzrə imtahanda isə 28340 nəfər olmaqla, ümumilikdə 56847 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 82 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcəklər. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 23-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası