Ucnoqta.az
www.ucnoqta.az

Bu gün Bakı qlobal əməkdaşlıq üçün platforma rolunu oynayır - Aygün Əliyeva

12:47 - 14 May 2026 tarixində dərc olunub.

Tarixi ədalət tələb edir ki, Qlobal Cənubun baxışları hörmətlə dinlənilsin, ədalətlə əks etdirilsin və ortaq gələcəyimizin formalaşdırılmasında layiqincə nəzərə alınsın.

Ucnoqta.az xəbər verir ki, bunu QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyasındakı çıxışında deyib.

“Tarix boyu Azərbaycan sadəcə yolların kəsişdiyi məkan olmayıb, həm də xalqların, mədəniyyətlərin və talelərin görüş nöqtəsi olub. Bu gün Bakı bu tarixi missiyanı davam etdirərək qlobal dialoq və əməkdaşlıq üçün platforma rolunu oynayır. Cəmi bir neçə gün sonra ölkəmiz WUF13-ə ev sahibliyi edəcək. QHT Agentliyinin Təşkilat Komitəsində təmsil olunması və tərəfdaş platformamız olan Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının Bakı Şəhərsalma Həftəsi çərçivəsində keçirilməsi xüsusilə sevindiricidir. Bu, vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq gündəliyin formalaşdırılmasında getdikcə daha vacib tərəfdaş kimi tanındığının açıq göstəricisidir. Eyni zamanda, Dünya Şəhər Forumunun tarixində ilk dəfə olaraq Qlobal Cənub QHT-ləri vahid pavilyon üçün birgə müraciət ediblər və BMT tərəfindən onlar üçün xüsusi pavilyon sahəsi ayrılıb”, - o bildirib.

Aygün Əliyeva qeyd edib ki, WUF13-də təşkil olunacaq QHT forumu təşkilatlanma və davamlı inkişaf sahəsində vətəndaş cəmiyyətinin qlobal tərəfdaş kimi rolunun gücləndirilməsinə töhfə verəcək: “Bu gün dünya mürəkkəb geosiyasi böhranlar, iqlim dəyişiklikləri, humanitar çağırışlar və artan bərabərsizliklərlə üz-üzədir. Belə bir dövrdə Qlobal Cənubun baxışları daha aydın və daha güclü şəkildə eşidilməlidir. Bu gün BMT-yə üzv dövlətlərin təxminən 70 faizi Qlobal Cənuba aiddir. Lakin ECOSOC-da məsləhətçi statusuna malik QHT-lərin 40 faizindən azı Qlobal Cənubda yerləşir. Bu qeyri-bərabərlik sadəcə statistik göstərici deyil. Bu, beynəlxalq qərarvermədə, imkanlara çıxışda və qlobal gündəliyin formalaşdırılmasında öz əksini tapan reallıqdır. Dünyanın gələcəyi ilə bağlı qərarlar dünya əhalisinin böyük əksəriyyətinin səsi eşidilmədən qəbul edilə bilməz. Biz hesab edirik ki, Qlobal Cənub sadəcə müzakirə mövzusu olaraq qalmamalı, qlobal gündəliyin formalaşdırılmasında və öz gələcəyinə təsir edən qərarların qəbulunda konstruktiv iştirakçı kimi çıxış etməlidir”.///

Müəllif: Ucnoqta.az redaksiyası