Ucnoqta.az
www.ucnoqta.az

İKTA 2500-dən çox avadanlığın mülki dövriyyəsinə xüsusi icazə verib

09:58 - 15 Aprel 2026 tarixində dərc olunub.

Yanvar – mart aylarında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) hüquqi və fiziki şəxslər tərəfindən radio avadanlıqlarının mülki dövriyyəsinə xüsusi icazə alınması məqsədilə 226 müraciət daxil olub.

İKTA-dan Ucnoqta.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər üzrə ümumilikdə 7,694 ədəd müxtəlif marka və model avadanlığa dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Baxılmış müraciətlər əsasında 2,522 ədəd radio avadanlığının mülki dövriyyəsinə xüsusi icazə verilib. Müraciətlərdə əksini tapmış 83 ədəd radio avadanlığına isə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi icazənin verilməsindən imtina edilib. Müraciət sahiblərinə ünvanlanan məktublarda imtinaya səbəb olan çatışmazlıqlar ətraflı şəkildə göstərilib.
Bununla yanaşı, 3 müraciət üzrə radio avadanlıqlarının mülki dövriyyəsinə xüsusi icazə verilməsi üçün aidiyyəti qurumların rəylərinin təqdim olunması gözlənilir.

Araşdırmalar nəticəsində müəyyənləşib ki, idxal olunan 5,091 ədəd avadanlığın mülki dövriyyəsi üçün xüsusi icazə tələb edilmir. Bu barədə müraciətçilər və aidiyyəti orqanlar məlumatlandırılıb.
Eyni zamanda 3 hüquqi şəxs tərəfindən təqdim olunmuş müraciətlər əsasında aparılan hüquqi və texniki araşdırmalar nəticəsində müxtəlif marka və modellərə aid ümumilikdə 157 ədəd avadanlığa verilmiş xüsusi icazələrin ləğvi barədə qərar qəbul edilib. Qərarlar qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun qaydada rəsmiləşdirilərək icrası təmin olunub.

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq inzibati tədbirlər davam etdirilir.
Xatırladaq ki, 2024-cü ilin mart ayından İKTA tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” elektron xidməti istifadəyə verilib. Bu xidmətin tətbiqi müraciətlərin daha operativ və səmərəli cavablandırılmasına imkan yaradır.
Həmçinin 2026-cı ilin yanvar – mart aylarında “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sürətli poçt xidməti üçün 50 müraciət üzrə təqdim olunan ərizələrə əlavə edilən sənədlərdəki məlumatların uyğunluğu qiymətləndirilib. 
Nəticədə 45 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət cavab verilib.
Digər 5 müraciətlə bağlı isə müsbət rəy verilməyib.
Telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.
 

Müəllif: Ucnoqta.az redaksiyası