Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda nikahların sayı niyə azalıb? - AÇIQLAMA

16:19 - 3 Aprel 2026 tarixində dərc olunub.

 Son illər doğuş sayının kəskin azalması cəmiyyəti ciddi narahat edən məsələlərdən biridir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə bu göstərici 141 min 179 nəfər olub. 2022-ci ildə 122 min 846, 2023-cü ildə 112 min 620,  2024-cü ildə 102 min 310 olub. 2025-ci ildə ölkədə təxminən 81 min uşaq doğulub.  Bəzi ekspertlər bunu boşanmaların artması ilə əlaqələndirsə də, prosesə təsir edən amillər daha genişdir.

Bu barədə Ucnoqta.az-a danışan sosioloq İlqar Hüseynli bildirdi ki, doğum səviyyəsinin azalması əsasən sosial-iqtisadi faktorlarla bağlıdır:
"Xüsusilə yeni ailə quran cütlüklər karyera quruculuğunu və maliyyə sabitliyini təmin etmədən övlad sahibi olmağı ikinci plana keçirirlər.

Maliyyə imkanlarının məhdudluğu bu məsələdə əsas amillərdən biridir. Digər tərəfdən, ümumilikdə evlənənlərin sayı da azalır. Bunun səbəblərindən biri ali təhsil alan, xüsusilə tibb və İT sahəsində oxuyan gənclərin böyük qisminin ölkəni tərk etməsidir. Onlar ailə qurmaqdan daha çox xaricdə karyera qurmağa üstünlük verirlər ki, bu da vaxt tələb edir və ailə planlarını təxirə salır".

Sosioloq qeyd edir ki, əmək miqrasiyasının artması nəticə etibarilə həm nikah, həm də doğum göstəricilərinə mənfi təsir edir: 
"Bu proses eyni zamanda əmək bazarına da birbaşa təsir göstərir. Digər mühüm faktor isə gənclərin məşğulluq problemləridir. Qeyri-neft sektorunun yetərincə inkişaf etməməsi səbəbindən iş yerlərinin məhdudluğu və əlçatan olmaması gənclərin ailə qurmasını gecikdirir.

Nəticə etibarilə, bütün bu amillər əhalinin sayına, artım tempinə və ölkənin əmək bazarına ciddi təsir göstərir".

Müəllif: Ucnoqta.az redaksiyası