Ucnoqta.az
www.ucnoqta.az

İrana çox sayda "Tomahawk" raketləri və qırıcı təyyarələrindən hücum edilir

13:26 - 28 Fevral 2026 tarixində dərc olunub.

İsrail və ABŞ orduları İran rejiminə qarşı koordinasiyalı və genişmiqyaslı əməliyyat çərçivəsində İrandakı onlarla hərbi hədəfə zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisi məlumat yayıb.

"İMQ və ABŞ Silahlı Qüvvələri İran rejimini tamamilə zəiflətmək və İsrail dövlətinə uzunmüddətli mövcudluq təhdidlərini aradan qaldırmaq üçün genişmiqyaslı birgə əməliyyata başlayıblar. Zərbələr rejimə qarşı geniş, koordinasiyalı və birgə əməliyyatın bir hissəsi olaraq onlarla hərbi hədəfə endirilib" - açıqlamada deyilir.

Sözçü ofisi əlavə edib ki, İMQ və ABŞ Silahlı Qüvvələri arasında sıx birgə planlaşdırma bir neçə ay ərzində aparılıb və bu da genişmiqyaslı zərbənin iki qüvvə arasında tam sinxronizasiya və koordinasiya şəraitində həyata keçirilməsinə imkan verib.

ABŞ ordusu İrana zərbə endirmək üçün "Tomahawk" raketlərindən və çoxlu sayda qırıcı təyyarədən istifadə edir.

Bu barədə NBC News məlumat yayıb.

Mənbələrinə görə, ABŞ "havadan və dənizdən" zərbələr endirir. Kanal "əməliyyatda çoxlu sayda qırıcı təyyarənin iştirak etdiyini" və Tomahawk raketlərinin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindən atıldığını dəqiqləşdirir.

ABŞ tərəfi iddia edir ki, zərbələr İrandakı hərbi hədəfləri hədəf alır.

Müəllif: Ucnoqta.az redaksiyası