Ucnoqta.az
www.ucnoqta.az

Parlament beynəlxalq təşkilatlara müraciət ünvanladı

16:06 - 26 Fevral 2026 tarixində dərc olunub.

Milli Məclis tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb.

Bu barədə Ucnoqta.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müraciətlərdə Azərbaycan xalqının bu il Ermənistanın Azərbaycan Respublikasının ərazilərini işğalı zamanı törətdiyi Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə yad etdiyi qeyd olunaraq, Xocalı qəsəbəsinin dinc sakinlərinə qarşı törədilmiş bu amansız qətliamın XX əsrdə bəşəriyyətə qarşı həyata keçirilmiş ən ağır və dəhşətli cinayətlərdən biri kimi tarixə düşdüyü vurğulanır.

Bildirilir ki, bu soyqırım zamanı etnik mənsubiyyətlərinə görə 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla, 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qurbanlara qarşı misilsiz qəddarlıqlar törədilib. Meyitlər təhqir edilib, bəzi qurbanlar diri-diri yandırılıb.

Müraciətlərdə deyilir ki, Xocalı soyqırımı beynəlxalq humanitar hüququn, insan hüquqlarının, habelə Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza əleyhinə qarşı Konvensiyanın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın kobud şəkildə pozulmasıdır.

Qeyd olunur ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlətimizin və xalqımızın birlik və həmrəyliyini təcəssüm etdirir. Bu gün Xocalı da daxil olmaqla bütün azad edilmiş ərazilərə həyat yenidən qayıdıb. Öz doğma torpaqlarında sülh və təhlükəsizlik şəraitində yaşayan xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədi yaşadacaq.

Həmçinin, məhz Azərbaycanın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla sülh prosesinin başlanması və irəlilədilməsi istiqamətində ilk təşəbbüsü irəli sürdüyü, bu prosesin ötən ilin avqustunda ABŞ-ın Vaşinqton şəhərində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması ilə nəticələndiyi də diqqətə çatdırılır.

Bildirilir ki, bu gün iki ölkə arasında formalaşmış faktiki sülh mühiti Azərbaycanın Ermənistana yük daşınmasına tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırması, neft məhsullarının ixracını təmin etməsi, eləcə də parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı dialoq və təmasların genişləndirilməsi kimi bir sıra etimad quruculuğu tədbirləri ilə daha da möhkəmləndirilir.

Müraciətlərdə beynəlxalq əməkdaşlığın, xüsusən də parlamentlərarası dialoqun gücünü nəzərə alaraq, Xocalı soyqırımı barədə məlumatlılığın artırılması və onun beynəlxalq səviyyədə tanınması, eləcə də təqsirkarların məsuliyyətə cəlb edilməsi istiqamətində səylərin davam etdirildiyi, bu faciənin anılmasının təkcə qurbanların xatirəsini yad etmək deyil, həm də gələcəkdə bəşəriyyətə qarşı bu cür cinayətlərin qarşısının alınmasına çağırış olduğu vurğulanır.

Müəllif: Ucnoqta.az redaksiyası