Ucnoqta.az
www.ucnoqta.az

Axtarışda olan şəxs BƏƏ-dən Azərbaycana ekstradisiya olunub

17:11 - 20 Fevral 2026 tarixində dərc olunub.

Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Fevralın 20-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib. Belə ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda zərgərlik məmulatlarını (1.683.298 manat dəyərində) Azərbaycanın dövlət sərhəddində bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməkdə ittiham edilmiş Azərbaycan vətəndaşı Səmədzadə Tural Akif oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə ittiham olunur.

Ədliyyə Nazirliyinin sorğusunun və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub: "Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir".

Qeyd edilib ki, Səmədzadə Tural Akif oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Ədliyyə Nazirliyi tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası