Ucnoqta.az
www.ucnoqta.az

3 minə yaxın qadın süd vəzi xərçənginin skrininqi məqsədilə müayinədən keçib

15:42 - 19 Fevral 2026 tarixində dərc olunub.

TƏBİB tabeliyində olan 23 tibb müəssisəsi olmaqla 6 tibbi ərazi bölməsində 2 976 qadın mammoqrafiya skrininq müayinəsindən keçib.

Ucnoqta.az xəbər verir ki, müayinədən keçən 2 815 nəfərin nəticələri təhlil edilib.

Qeyd olunub ki, onlardan 421 qadının BI-RADS 3 (nəzarət olunmalı xoş xassəli dəyişikliklər) mərhələsində, 73 qadının isə BI-RADS 4 (şübhəli görüntü, biopsiya tövsiyə olunur) mərhələsində olduğu məlum olub.

Məlumata görə, hazırda Sumqayıt Tibb Mərkəzində mammoqrafiya müayinələri davam edir. Həmçinin 40-69 yaş aralığında olan qadın əhali sayının çox olması səbəbindən müayinələrin il sonuna qədər Sumqayıt Tibb Mərkəzində aparılması planlaşdırılır.

Diqqətə çatdırılıb ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, süd vəzi xərçəngi hər il dünyada 500 min-dən çox qadının ölümünə səbəb olur. Resursları məhdud olan ərazilərdə qadınların əksəriyyətində irəliləmiş mərhələlərdə xəstəlik aşkar edilir və 5 illik sağ qalma nisbətləri 10-40 % arasında dəyişir. Erkən mərhələdə aşkar olunan süd vəzi xərçənginin 5 illik sağ qalma nisbəti isə 80 %-dən çoxdur. Mammoqrafiya skrininq müayinələri 40 yaşdan yuxarı qadınlarda xərçəng və ya xərçəngönü xəstəliklərin aşkarlanması baxımından əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ötən ilin aprel ayından başlayaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən regional tibb müəssisələrində 40-69 yaş qrupunda olan qadınlar arasında səyyar mobil tipli cihazlarla mammoqrafiya skrininq müayinələrinin aparılmasına başlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası