Ucnoqta.az
www.ucnoqta.az

"Şamaxinka"da yol hərəkətinin təşkili dəyişdirilir

15:11 - 16 Fevral 2026 tarixində dərc olunub.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

İcra olunan layihəyə əsasən, dəyişiklikdən öncəki hərəkət trayektoriyaları nəzərə alınaraq Asif Məhərrəmov küçəsindən gələn nəqliyyat vasitələri sola – 20 Yanvar küçəsi istiqamətində dönərkən əvvəlki qaydada deyil, həmin küçənin paralel hissəsi ilə Moskva prospektinə çıxa biləcəklər.

Əlavə olaraq 4-cü mikrorayondan Moskva prospekti istiqamətində gələn nəqliyyat vasitələrinin də öncəki trayektoriya ilə deyil, yeni qayda ilə hərəkəti təmin olunacaq.

Eyni qaydada, Asif Məhərrəmov küçəsinin əks istiqaməti ilə hərəkət edən nəqliyyat vasitələri xüsusi təhlükəsizlik adacığı ilə ayrılmış zolaq vasitəsilə 20 Yanvar küçəsinin paralel hissəsinə yönləndiriləcək və bu kəsişmədə həm 4-cü mikrorayon istiqamətində, həm də düzünə hərəkətlərini davam etdirə biləcəklər.

Bundan başqa, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyi işıqforla tənzimlənəcək.

Müəllif: Ucnoqta.az redaksiyası