Azərbaycan millisinin və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadənin yeni klubu müəyyənləşib. 29 yaşlı futbolçunun karyerasını Çində davam etdirəcəyi bəlli idi. Artıq onun əsas müştərisi də dəqiqləşib.
Ucnoqqta.az-ın Futbolinfo-ya istinadən məlumatına görə, həmyerlimiz Çin Super Liqasında mübarizə aparan "Şençjen Penq Siti" ilə anlaşmaq üzrədir. Mustafazadənin transferi ilə bağlı bütün detallar müəyyənləşib. "Qarabağ" bu keçiddən müəyyən məbləğdə gəlir əldə edəcək. Futbolçu özü də yaxın günlərdə Çinə yollanaraq münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, 2017-ci ildə yaradılan "Şençjen Penq Siti" ilk ilində Həvəskarlar Liqasından II Liqaya yüksəlib. Orada da iki mövsüm çıxış edən komanda 2020-ci ildə I Liqaya vəsiqə əldə edib. "Şençjen Penq Siti" 2023-cü ildə I Liqanın çempionu kimi Super Liqaya yüksəlib. Komanda 16 komandalı çempionatda 2024-cü ildə 14-cü, 2025-ci ildə isə 12-ci yeri tutub.
Çin millisinin sabiq futbolçusu Çen Taonun baş məşqçilik etdiyi "Şençjen Penq Siti"də əsasən yerli oyunçular çoxluq təşkil edir. Komandada həmçinin 2 braziliyalı və 1 israilli futbolçu da var.