Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda çobanlar həbs edildilər - yarım milyon manatlıq ...

19:31 - 12 Yanvar 2026 tarixində dərc olunub.

Azərbaycanda çobanlar böyük yeyinti cinayətində ittiham olunurlar.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunda baş verib.

Kəmaləddin Hüseynov və Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri olan xırda və iribuynuzlu heyvanları "aradan çıxarıblar".

Çox sayda heyvanı oğurlanan Adil Qənbər oğlu Baxışov rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun bir neçə ferması, yüzlərlə mal-qarası var.

Sahibkar cinayətdən xəbər tutan kimi Kəmaləddin və Ceyhunun əməli barədə prokurorluğa şikayət edib.

İstintaqla təsdiq edilib ki, çobanlar fermada və fərdi həyətlərdə tikilmiş tövlələrdə saxlanılan ümumilikdə 1 377 baş heyvanı - Simental cinsli Avstriya mənşəli erkək danaları, cins inəkləri, eləcə də çox sayda qoyun-quzu və keçi-çəpişi müxtəlif üsullarla ucuz qiymətə satıb, cinayətdən xəbərsiz olan satıcılardan aldıqları 586 min manat pulu mənimsəyiblər.

Sahibkarın şikayəti əsasında Kəmaləddin və Ceyhun xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləri sübuta yetirilərsə, çobanları 14 ilədək həbs cəzası gözləyir.

Müəllif: Ucnoqta.az redaksiyası