Ucnoqta.az
www.ucnoqta.az

Yeniyetmənin ölümündə təqsirləndirilən həkim məhkəməyə çıxarılır

12:55 - 9 Yanvar 2026 tarixində dərc olunub.

Ötən il iyunun 26-da Qəbələ şəhər sakini 2009-cu il təvəllüdlü Məleykə Məmmədovanın “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Cərrahiyyə şöbəsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. 

Bu barədə Ucnoqta.az-a Qəbələ Rayon Prokurorluğundan məlumat verilib. 

İstintaqla qeyd edilən tibb müəssisəsinin cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov tərəfindən “iki tərəfli tonzillektomiya” cərrahiyyə əməliyyatının texniki qüsurla icra edilməsi səbəbindən M.Məmmədovanın stasionar müalicə aldığı həmin xəstəxanada kəskin qanitirmə nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Elçin Mahmudov cinayət işi üzrə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. 

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıdırlaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Müəllif: Ucnoqta.az redaksiyası