Ucnoqta.az
www.ucnoqta.az

Bahalı tariflər, məcburi minimal paketlər ... - Ekspert açıqladı

13:02 - 8 Yanvar 2026 tarixində dərc olunub.

"İki gündür ki, RİNN, İKTA və Aztelekom qlobal hesabatlarda internet xidmətləri üzrə yüksək nəticə əldə olunması haqqında məlumatlar açıqlayırlar. Söhbət Dünya Bankının ölkələr üzrə biznes mühitinin əlverişliliyini ölçən Business Ready (B-READY) 2025 hesabatında Azərbaycanda internetin də daxil edildiyi kommunal xidmətlər sahəsi üzrə qiymətləndirmənin nəticələrindən gedir".

Ucnoqta.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun rəhbəri, İKT üzrə mütəxəssis Osman Gündüz deyib. Mütəxəssis bildirir ki, öncədən də bu hesabatın hazırlanmaqda olması haqqında bilgili olduğumdan adı çəkilən qurumların açıqladığı məlumatların mövcud reallığı tam dolğun əks etdirmədiyinə əmin idim:
"Sadəcə vaxtım olmadığından hesabata göz gəzdirə bilməmişdim. İndi baxıram və təəssüf edirəm ki, adı çəkilən qurumlar, ciddi şəxslər, yumşaq desəm alayarımçıq, başdansovdu, həmdə nəinki reallığı, heç hesabatdakı vəziyyəti dolğun əks etdirməyən bir açıqlama veriblərmiş. Anlamıram ki, dövlət məmurları necə belə addım ata bilirlər".

Osman Gündüz öncə müsbət məqamları açıqlayıb:

"Hesabatda internet xidməti artıq “Utility Services” – kommunal xidmətlər indikatoruna daxil edilib. Bu indikator üzrə Azərbaycan həqiqətən də 83.05 bal toplayaraq 25-ci mövqedə qərarlaşıb. Yetərincə yaxşı bir göstəricidir. Hətta mən deyərdim ki məhz bu indikator üzrə reallıq bundan da yüksəkdir. Bu göstərici isə anlaşıqlı desək, Azərbaycanda infrastrukturun mövcudluğunu, qoşulmanın mümkünlüyünü və əlçatanlığını ölçür".

Ekspert vurğulayır ki, amma hesabat təkcə bundan ibarət deyil:

"Hesabatda qeyd olunur ki, Azərbaycan Operational Efficiency (Əməliyyat effektivliyi) üzrə 63.34 bal alıb. Bu indikator isə anlaşıqlı desək mövcud xidmətlərin real istifadəsini, “compliance costs” anlayışı çərçivəsində bahalı tarifləri, məcburi minimal paketləri, qiymət–keyfiyyət uyğunsuzluğunu ölçür. Daha problemli mənzərə isə Market Competition göstəricisindədir. Azərbaycan bu indikator üzrə 45.28 bal toplayaraq çox aşağı qrupda qərarlaşıb.

Market Competition (Rəqabətli mühit) isə anlaşıqlı desək, bazarda seçim imkanlarını, bazardakı hökmranlığı və qiymətlərin rəqabət yolu ilə formalaşıb-formalaşmadığını ölçür. Aşağı nəticə dominant provayderlər, zəif rəqabət və məhdud seçim deməkdir.

Beləliklə, bir cümlə ilə ifadə etsək, Business Ready 2025 hesabatı göstərir ki, Azərbaycanda internet artıq kommunal xidmət kimi geniş infrastrukturla mövcuddur və bu sahədə göstəricilər yüksəkdir, lakin qiymətlərin əlçatanlığı, seçim imkanları və real rəqabətlilik baxımından ciddi zəifliklər qalmaqdadır.

Adı çəkilən rəsmi qurumların yalnız bir müsbət göstəriciyə əsaslanaraq digərlərini görməzdən gəlməsi, yalnız birtərəfli olaraq, alayarımçıq açıqlamalar verməsi təəssüf doğurur".

Müəllif: Ucnoqta.az redaksiyası