Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti ilə İlham Əliyevlə görüşdə təyyarə qəzasında ölənlərin ailələrinə və yaralananlara kompensasiya ödəniləcəyini vəd etmişdi.
Ucnoqta.az xəbər verir ki, bu barədə siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Ekspert qeyd edir ki, Kreml sahibinin həmin görüşdəki cümləsi beləydi: “Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”. Bu deyilənlərin heç biri yerinə yetirilmədi, nə kompensasiya ödənildi, nə də vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verildi. Bundan başqa Qazaxstan təyyarə qəzasıyla bağlı yaratdığı komissiyanın yekun hesabatını da açıqlamayıb. Halbuki, bütün faktlar ilk gündən bəlliydi. Bunlar varkən, Kreml Rusiyada azərbaycanlıların formalaşdırdıqları diaspora təşkilatlarını nəzarətə götürməyə və özünə loyal şəxsləri diaspora rəhbərliyinə təyin etməyə başladı. Belə vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda işinə başlayan MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısına qatılması ehtimalı az idi".