Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” parlamentin qərar layihəsi müzakirəyə çıxarılıb.
Ucnoqta.az xəbər verir ki, müzakirələrdən sonra qərar layihəsi bir oxunuşda qəbul edilib.
Qərara əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq aşağıdakı orqanlar tərəfindən tətbiq edilir:
19.1. cəzaçəkmə müəssisələri – bu Qərarın 1-ci hissəsində və 2.1–2.4-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
19.2. intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı – bu Qərarın 2.5-ci və 2.7-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
19.3. icra məmurları – bu Qərarın 2.6-cı və 2.8–2.11-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
19.4. təhqiqat və ya ibtidai istintaq orqanları – bu Qərarın 4-cü hissəsində nəzərdə tutulan şəxslər barəsində;
19.5. məhkəmələr – bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində.
20. Bu Qərarın 19.1–19.4-cü bəndlərində nəzərdə tutulan orqanlar amnistiyanın tətbiq edilməsi barədə qərarları müvafiq prokurorların razılığı ilə qəbul etməlidirlər.
21. Təhqiqat və ya ibtidai istintaq orqanları amnistiya tətbiq edərkən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməsi qaydalarına riayət etməli, o cümlədən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə müvafiq olaraq barəsində amnistiya tətbiq olunacaq şəxslərin razılığını almalıdırlar.
22. Bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların üzərində nəzarəti həyata keçirən orqanların müraciəti əsasında məhkumun yaşayış yeri üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.
23. Bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların cəza çəkdikləri cəzaçəkmə müəssisələrinin müraciəti əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.
24. Birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır.
25. Apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiyanın tətbiq edilməsi məsələsinə cinayət prosesi tərəflərinin müraciətinə əsasən hökmü çıxarmış birinci instansiya məhkəmələri tərəfindən baxılır. Bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər üzrə şəxslərə amnistiyanın tətbiq edilməsi məsələsinə bu Qərarın 19.1–19.3-cü bəndlərində, 22-ci və 23-cü hissələrində nəzərdə tutulan orqanlar tərəfindən baxılır.
26. Apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir.
27. Kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara bu Qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların şikayətlərinə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir.
28. Bu Qərarın 22-ci, 23-cü və 25-ci hissələrində nəzərdə tutulan qaydada amnistiyanın tətbiqi məsələlərinə baxarkən, məhkəmələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üçün nəzərdə tutulmuş tələblərə riayət etməlidirlər.
29. Məhkəmələr tərəfindən amnistiyanın tətbiqi məsələlərinə baxılarkən məhkəmə iclasında müvafiq prokurorun və müdafiə tərəfinin iştirakı ilə bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara riayət edilməlidir.
30. Bu Qərar onun təsiri altına düşən hər bir şəxs barəsində ayrı-ayrılıqda tətbiq edilir.
31. Amnistiya tətbiq edilərkən məhkumun şəxsi işi öyrənilməli və amnistiyanın tətbiqi məsələlərinin həlli üçün zəruri sənədlər amnistiyanın tətbiqi barədə qərara əlavə edilməlidir. Amnistiyanı tətbiq edən orqanlar amnistiyanın tətbiqi barədə qərar qəbul edilməsi üçün zəruri sənədləri müvafiq orqanlardan tələb etməyə haqlıdırlar. Bu sorğular dərhal icra edilməlidir.
32. Barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən vərəm xəstəliyinə tutulmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınır və müalicələrini davam etdirirlər.
33. Anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbir təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 39-cu hissəsində nəzərdə tutulan müddətdə baxılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2–95.0.4-cü maddələrinə əsasən psixiatriya stasionarlarında məcburi müalicə təyin olunmuş şəxslərin cəzadan azad edilməsi məsələsi isə məhkəmə qərarı ilə psixiatriya stasionarlarında məcburi müalicə ləğv edildikdən və ya dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edildikdən sonra həll edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin olunmuş şəxslər amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edildikdə qanunvericiliklə müəyyən edilmiş qaydada 10 gün müddətində yaşayış yeri üzrə müvafiq tibb müəssisələrində qeydiyyata alınmalı və müalicələri davam etdirilməlidir.
34. Əvvəllər amnistiya və ya əfvetmə aktları ilə cəzasının müddəti azaldılmış şəxslərə bu Qərar tətbiq edilərkən onların cəzasının çəkilməmiş müddətləri həmin aktlar nəzərə alınmaqla hesablanır.
35. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 175–177-ci maddələrinin tələblərinə uyğun olaraq, bu Qərara əsasən barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyasının, onlara yardım göstərilməsinin təmin edilməsi üçün zəruri tədbirlər görülməlidir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu bu Qərarın tətbiqi ilə bağlı zərurət yarandıqda amnistiyanı tətbiq edən orqanın müraciəti əsasında “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq izah verir.
37. Amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi ilə əlaqədar şəxsin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada şikayət etmək hüququ vardır.
38. Bu Qərarın 19.2-ci bəndində göstərilən “hərbi hissələr” dedikdə, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın çəkildiyi yerlər, bu Qərarın 22-ci hissəsində göstərilən “məhkumların üzərində nəzarəti həyata keçirən orqanlar” dedikdə isə azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslərə nəzarəti həyata keçirən icra məmurları, habelə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində nəzarəti həyata keçirən icra məmurları və müvafiq olaraq hərbi qulluqçular üzərində nəzarəti həyata keçirən hərbi hissələrin və ya müəssisələrin komandanlığı başa düşülür.
39. Bu Qərarın 19.1–19.4-cü bəndlərində nəzərdə tutulan orqanlar bu Qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.