Ucnoqta.az
www.ucnoqta.az

Məktəblərdə media savadlılığı mövzusunda məlumatlandırma sessiyaları keçirilib

13:39 - 16 Dekabr 2025 tarixində dərc olunub.

Medianın İnkişafı Agentliyi və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə “Media Savadlılığı” Həftəsi çərçivəsində Bakı şəhəri üzrə 12 ümumi təhsil müəssisəsində 2500-ə yaxın şagird üçün media savadlılığı mövzusunda məlumatlandırma sessiyaları və açıq dərslər təşkil edilib.

Sözügedən məlumatlandırma sessiyaları və açıq dərslərdə Agentliyin təlimlərində iştirak etmiş 2 pilot və 10 məktəbdən ümumilikdə 20 müəllim media savadlılığı ilə bağlı təqdimat edib.

Tədbirlərin açılış mərasimində Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova çıxış edərək bildirib ki, müasir informasiya mühitində məlumat bolluğu fonunda xüsusilə şagirdlərin düzgün məlumatı seçmək, təhlil etmək və tənqidi yanaşmaq bacarıqlarının formalaşdırılması mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, media savadlılığının erkən yaşlardan aşılanması gənc nəslin dezinformasiya, yanlış məlumatlar və manipulyativ təsirlər qarşısında daha dayanıqlı mövqe sərgiləməsinə mühüm töhfə verir.

Keçirilən sessiya və dərslər zamanı şagirdlərə media savadlılığının əsas prinsipləri, informasiya mənbələrinin düzgün müəyyənləşdirilməsi, xəbərlərin sorğulayıcı qiymətləndirilməsi, faktların yoxlanılması və vizual materialların etibarlılığının araşdırılması ilə bağlı praktik biliklər təqdim olunub. Qeyd edək ki, təşkil olunan məlumatlandırma sessiyaları və açıq dərslərin məqsədi şagirdlərin media savadlılığı üzrə bilik və bacarıqlarının artırılması, doğru informasiya əldə etmək vərdişlərinin formalaşdırılması, informasiya məkanında təqdim olunan məzmunu müstəqil şəkildə təhlil edə bilmələrinə töhfə verməkdir.

Müəllif: Ucnoqta.az redaksiyası