Ucnoqta.az
www.ucnoqta.az

Qabiliyyət imtahanlarında dəyişiklik edildi

13:30 - 5 Dekabr 2025 tarixində dərc olunub.

2026/2027-ci tədris ilindən etibarən Təsviri sənət istiqamətinin 14-cü komissiyasına aid dizayn ixtisasına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanlarının nəticəsi balla deyil, məqbulla qiymətləndiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahan nəticəsi 10 ballıq şkala üzrə 6 bal və daha yuxarı olmalıdır

Qabiliyyət imtahanından məqbul almaq üçün abituriyentin (subbakalavrın) imtahan nəticəsi 10 ballıq şkala üzrə 6 bal və daha yuxarı olmalıdır. İxtisas üzrə müsabiqə abituriyentin V ixtisas qrupu üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi test balı əsasında aparılacaq.

Öz istəyindən asılı olaraq, subbakalavrlar qəbul imtahanlarının I mərhələsində iştirak etməklə topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən yalnız qabiliyyət imtahanı verməklə orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

Subbakalavrlar orta ixtisas təhsili pilləsində aldığı təhsilə uyğun bakalavr ixtisası haqqında məlumatları “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunan “Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”ndən öyrənə bilərlər.

Təsviri sənət istiqamətinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Təsviri sənət/Memarlıq” adlı vəsaitdə nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləmək tövsiyə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası