Ucnoqta.az
www.ucnoqta.az

Mikayıl Cabbarov yenidən bu vəzifəyə seçildi 

15:44 - 27 Noyabr 2025 tarixində dərc olunub.

Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bu gün AGF-nin ümumi yığıncağı keçirilib. Tədbirdə fedrasiyanın prezidenti Mikayıl Cabbarov, vitse-prezidenti Namiq Əliyev, İcraiyyə Komitəsinin üzvləri Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov, Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, eləcə də federasiyanın üzvləri iştirak ediblər.

Tədbir federasiyanın son 4 illik fəaliyyətinin və güləş sahəsində görüləcək işlərin müzakirəsi, həmçinin İcraiyyə Komitəsinin tərkibinə seçkilərin keçirilməsi məqsədilə təşkil olunub.

Yığıncaqda AGF prezidenti Mikayıl Cabbarov dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda idmanın, o cümlədən güləşin inkişafı, gənc istedadların yetişdirilməsi, idmançılarımızın peşəkarlığının və beynəlxalq uğurlarının daha da artırılması ilə bağlı görülən işləri qeyd edib.

Yığıncaqda yetərsay müəyyənləşdirildikdən sonra mandat komissiyasının üzvləri və Ümumi Yığıncağın üzvləri təsdiqlənib. Daha sonra AGF-nin baş katibi Pərvin Piriyevin hesabatı dinlənilib.

Müəllif: Ucnoqta.az redaksiyası