Ucnoqta.az
www.ucnoqta.az

TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib

12:21 - 27 Noyabr 2025 tarixində dərc olunub.

27 noyabr 2025-ci il tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatının Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, iclasda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov bildirib ki, TDT çərçivəsində media sahəsində həyata keçirilən birgə layihələr, institusional əməkdaşlıq mexanizmləri və qarşılıqlı informasiya mübadiləsi türkdilli dövlətlər arasında vahid və dayanıqlı kommunikasiya məkanının formalaşmasına mühüm töhfə verir. O vurğulayıb ki, iclasın gündəliyində əksini tapan məsələlər informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, dezinformasiya ilə mübarizədə birgə addımların koordinasiyası, strateji kommunikasiya bacarıqlarının inkişafı və media sahəsində ortaq təşəbbüslərin daha səmərəli şəkildə həyata keçirilməsi baxımından yeni imkanlar açır.

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman çıxışında qeyd edib ki, müasir informasiya mühiti təkcə təhlükəsizlik baxımından deyil, həm də idarəetmə, planlaşdırma və dövlətlərarası koordinasiya baxımından yeni yanaşmalar tələb edir. Bildirilib ki, TDT çərçivəsində media qurumları arasında dialoqun artırılması, məlumat axınının sistemli şəkildə qurulması və digər önəmli məsələlər təşkilatın qarşıdakı illər üzrə əsas hədəflərindən biridir. Həmçinin diqqətə çatdırılıb ki, rəqəmsal transformasiyanın sürətləndiyi dövrdə media sahəsində qarşılıqlı fəaliyyət yalnız informasiyanın ötürülməsi ilə məhdudlaşmamalı, eyni zamanda innovativ yanaşmaların tətbiqi, yeni media alətlərinin potensialından istifadə və ortaq kommunikasiya mədəniyyətinin formalaşdırılması kimi istiqamətləri də əhatə etməlidir.

Daha sonra TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti müzakirə edilib və 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənib. Həmçinin, TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsi aparılıb, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təkliflərin müzakirəsi həyata keçirilib.

Müəllif: Ucnoqta.az redaksiyası