Ucnoqta.az
www.ucnoqta.az

Emin Əmrullayev beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

16:24 - 24 Noyabr 2025 tarixində dərc olunub.

Elm və təhsil naziri Emin Əmrullayev beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

Bu barədə Ucnoqta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva və gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edib.

Görüşdə qaliblərin fəaliyyət istiqamətləri, fərdi inkişaf planlarının icrası, həmçinin dövlət idarəçiliyində yeni nəsil idarəçilərin roluna dair müzakirələr aparılıb. Görüş zamanı qaliblərin həyata keçirdikləri layihələr, iştirak etdikləri təlimlər, əldə etdikləri bilik və bacarıqların tətbiqi üzrə görülən işlər barədə müzakirə aparılıb. Nazir qaliblərlə fikir mübadiləsi apararaq onların idarəetmə, liderlik və innovasiya sahəsindəki suallarını cavablandırıb.

Nazir çıxışında “Yüksəliş” müsabiqəsinin ölkənin insan kapitalının gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Görüş zamanı qaliblərin fərdi inkişaf planlarının icrasına dəstək mexanizmləri, müxtəlif dövlət qurumlarında təcrübə proqramları, həmçinin idarəetmədə çevik qərarvermə, strategiya qurma və dəyişikliklərin idarə edilməsi kimi mövzularda təcrübə mübadiləsi aparılıb.

Sonda qaliblər göstərilən diqqət və yaradılan imkanlara görə minnətdarlıqlarını bildirərək əldə etdikləri bilik və bacarıqları fəaliyyətdə tətbiq etməyə davam edəcəklərini vurğulayıblar.

Müəllif: Ucnoqta.az redaksiyası