Ucnoqta.az
www.ucnoqta.az

İşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburi deyil

14:04 - 24 Noyabr 2025 tarixində dərc olunub.

Son günlərdə işsizlərin (qeyri-formal məşğul şəxslər) aylıq 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəyi barədə "Tibbi sığorta haqqında" qanuna təklif olunan dəyişikliklər geniş müzakirələrə səbəb olub.

 

Sadə dildə desək, insanlar işləmədikləri halda niyə bu məbləği ödəməli olduqlarını anlamaqda çətinlik çəkirlər. Hətta qanun layihəsində ödəmənin gecikdirilməsi halında əlavə 10% sığorta haqqının tətbiq ediləcəyi də qeyd olunur.

Ucnoqta.az xəbər verir ki, "Qafqazinfo" məsələ ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevlə əlaqə saxlayıb.

Komitə sədri saytımıza açıqlamasında bildirib ki, icbari tibbi sığorta sığortaların bir növüdür və məqsəd sığorta olunan şəxslərin sığorta hadisəsi baş verdikdə onlara dəyən zərərin, xəstəliyin və zədənin aradan qaldırılması üçün maliyyə təminatının yaradılmasıdır: "Əgər biz minik avtomobillərimizi, evlərimizi sığorta ediriksə və bu, icbari qaydada həyata keçirilirsə, həyatımızı niyə sığorta eləmirik? Dünyanın səhiyyənin icbari sığorta sistemində çalışdığı hər yerində müəyyən qrup insanları dövlət öz təminatına götürür, qalan şəxslər isə sığorta haqları ödəməklə, icbari tibbi sığorta haqqı əldə edirlər. Kimsə istəməsə ki, icbari sığorta ödəsin, özəl qaydada özəl klinikalarda müalicəsini ala bilər. Azərbaycanda da icbari sığorta qəbul olunanda sual yaranmışdı ki, bəs işləməyən şəxslərin sığorta məsələsi necə olacaq? O zaman cənab Prezidentin göstərişi ilə işləməyən şəxslər də bu kateqoriyaya daxil olundu".

Musa Quliyevin sözlərinə görə, ilkin mərhələdə bu insanlara böyük güzəşt olundu: "Beləliklə, məşğulluğundan asılı olmayaraq, hər kəsə icbari tibbi sığortadan faydalanmaq imkanı yaradıldı. Amma bu, müvəqqəti keçid qayda idi. İndi "Tibbi sığorta haqqında" Qanuna təklif olunan dəyişiklikdən sonra gələn ildən dövlət qeydiyyatında olan şəxslər - uşaqlar, əlilliyi olan şəxslər, pensiyaçılar istisna olmaqla, formal və ya qeyri-formal işləyən şəxslər, yaxud qazanc mənbəyi məlum olmayan insanlar ayda 16 manat ödəməklə, icbari tibbi sığortadan yararlanmaq hüququ əldə edirlər. Bu, sosial ədalət prinsipinin qorunmasına xidmət edəcək. Yəni bir vətəndaş işləyirsə, yüksək əməkhaqqı alırsa, öz əməkhaqqısından yüksək icbari tibbi sığorta haqları ödəyirsə, digər vətəndaşlar niyə onun ödədiyi vəsaitdən özünün qatqısı olmadığı halda istifadə etməlidir? Bu suallar da cəmiyyətdə çıxa bilər".

O əlavə edib ki, bu qayda məcburi deyil, amma ödəniş etməyən vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən yararlana bilməyəcəklər.

Parlamentari vurğulayıb ki, bu baxımdan, ayda 16 manat sığorta haqqı ödənilməsi bir il ərzində özəl sektorda instrumental müayinənin, MRT və ya USM qiyməti qədər də deyil: "Yəni bu mənada 16 manat böyük vəsait deyil. Bu, eyni zamanda vətəndaşların əməkhaqlarının leqallaşdırılması, iş yerlərinin qeyri-formaldan formala keçirilməsi məsələsində də öz rolunu oynayacaq. Bu mənada bu, müsbət addımdır. Qanun qəbul olunduqdan sonra İcbari Tibbi Sığorta Agentliyi qaydaları müəyyənləşdirəcək. Bunun ən sadə mexanizmi hər kəsin öz poliklinikasına müraciət edərək sığorta kartı almasıdır və ya hesab açdırmaq, o hesaba da vəsaiti aybaay ödəməkdir. Yaxud da bir illik sığorta haqqını ödəmək də mümkün olacaq".

 

Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işəgötürən də 2% olmaqla, bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Sözügedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək.

Müəllif: Ucnoqta.az redaksiyası