Ucnoqta.az
www.ucnoqta.az

Bu şəxslərə birdəfəlik yardım veriləcək

11:23 - 18 Noyabr 2025 tarixində dərc olunub.

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi "Instagram" səhifəsində məlumat yayıb.

"Əlilliyi olan şəxslərə birdəfəlik maddi yardımın verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamı əsasında həyata keçirilir. Cari ildə sözügedən maddi yardımın verilməsi ilə bağlı müvafiq qərar olacağı təqdirdə müraciətlər qeydə alınaraq növbəlilik qaydasında baxılacaq. Müvafiq qərar olacağı təqdirdə müraciətlərin qəbulu filiallar vasitəsilə aparılacaq", - deyə məlumatda qeyd olunur.

Birdəfəlik yardımın məbləği 30 manat olacaq.

Əlilliyi olan vətəndaşlar müraciət üçün Sosial Xidmətlər Agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini Agentliyin [email protected] elektron ünvanına göndərə bilərlər. 

Xatırladaq ki, 1992-ci ildə BMT Baş Assambleyası qəbul etdiyi Bəyannaməyə görə dekabrın 3-ü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunur. BMT üzvü olan digər ölkələr kimi bu tarix  Azərbaycanda da qeyd olunur.

2025-ci ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda əlilliyi olan şəxslərin sayı 498 min 442 nəfərdir. Bu rəqəm 2023-cü illə müqayisədə 5243 nəfər (1%) azdır. Əlilliyi olan şəxslərin əksəriyyəti (454 min 944 nəfər) 18 yaşdan yuxarıdır, onların arasında 64 min 187 nəfərin orqanizminin funksiyaları 81-100% pozulmuşdur. Əlilliyi olan uşaqların sayı isə 43 min 498 nəfərdir. 

Ümumi əlilliyi olan şəxslər: 498,442

18 yaşdan yuxarı əlilliyi olan şəxslər: 454,944

Əlilliyi olan uşaqlar (18 yaşa qədər): 43,498

Orqanizmin funksiyaları 81-100% pozulmuş şəxslər: 64,187

Orqanizmin funksiyaları 61-80% pozulmuş şəxslər: 265,128

Orqanizmin funksiyaları 31-60% pozulmuş şəxslər: 125,629 

Müəllif: Ucnoqta.az redaksiyası