Ucnoqta.az
www.ucnoqta.az

Monqolustandan gətirilən qoyun əti ilə bağlı ŞOK GÖRÜNTÜLƏR

13:49 - 12 Noyabr 2025 tarixində dərc olunub.

Daha öncə də xəbər verdiyimiz kimi, Monqolustandan ölkəmizə ət idxal edilir. Bu ətlər nisbətən ucuz qiymətə təklif olunduğu üçün Azərbaycanda da həmin ətin alıcıları az deyil. Sosial şəbəkələrdə yayılan görüntülərdə Monqolustanda kəsilən heyvanların dini qaydalara, yəni İslam qaydalarına uyğun olaraq kəsilmədiyi açıq şəkildə görünür. Məlum olur ki, Monqolustandakı heyvanlar şəriət qaydalarına əsasən deyil, tam fərqli üsulla kəsilir. Bunun əsas səbəbi həmin ölkə əhalisinin dini inanclarının fərqli olmasıdır.

Qeyd olunur ki, Monqolustanda qoyun və digər heyvanlar çox olduğuna görə, həmçinin saxlanma və soyuducu şəraitin zəif olması səbəbindən ətlər kütləvi şəkildə kəsilir və ucuz qiymətə satışa çıxarılır. Lakin yayılan kadrlarda kəsim prosesinin olduqca vəhşicəsinə aparıldığı görünür. Belə ki, heyvan diri vəziyyətdə ikən qarnı yarılır, daxili orqanlarına müdaxilə edilir və heyvan tam can verə bilməmiş onun dərisi soyulmağa başlanılır.

Ucnoqta.az xəbər verir ki, mövzu ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Avtosfer.az-a açıqlamasında bildirib ki, birinci növbədə onu qeyd etmək lazımdır ki, dabaq xəstəliyi mövsümi xarakter daşıyır və illərin müəyyən fəsillərində daha geniş şəkildə yayılır:


“Bu, ilk növbədə kənd təsərrüfatına, sahibkarlara və təbii ki, heyvanlara ciddi zərər vurur. Çünki xəstə heyvanlardan, xəstəliyin sürətlə yayılması səbəbindən, artıq nə süd almaq, nə də ətindən istifadə etmək mümkün olur. Belə olan halda, əgər bu ətlər mənşəyi məlum olmayan yerlərdə satılarsa və sanitar-gigiyena qaydalarına əməl edilməzsə, bu, insan sağlamlığı üçün təhlükə yarada bilər.

Nəzərə almaq lazımdır ki, ət zülal mənşəli məhsuldur, yüksək risk qrupuna aiddir və soyuq qida zəncirində daşınmalıdır. Satılarkən, hazırlanarkən, saxlanarkən və bişirilərkən sanitar-gigiyena qaydalarına əməl olunması ilə yanaşı, temperatur rejimi də ən vacib faktorlardan biridir. Əgər bu qaydalara riayət olunarsa, heç bir problem yaranmaz.

Əsas məqam odur ki, ət alarkən onun mənşəyi bəlli olan yerdən alınması vacibdir. Mütləq şəkildə keyfiyyətə dair və baytar nəzarətindən keçməsinə dair arayışın olması tələb olunur. Dövlət nəzarətindən keçmiş yerlərdən ət almaq xüsusilə xəstəliyin geniş yayıldığı dövrlərdə ən vacib məsələlərdən biridir.

Əgər insan orqanizmi genetik olaraq xüsusilə bizim bölgədə ət yeməyə meyillidirsə və ətdən alınan B12, dəmir, miyoglobin kimi faydalı elementlərə öyrəşibsə, bu qidalar həm həzm baxımından asan mənimsənilir, həm də orqanizm üçün daha faydalıdır. Lakin ətdən imtina edilərsə, bu zaman mütləq şəkildə balanslı qida rasionu tətbiq olunmalıdır”.


Mütəxəssis əlavə olaraq qeyd edib ki, əgər “B12” vitamini ilə zəngin olan ət və heyvan mənşəli məhsullar rasiondan çıxarılarsa, bu zaman “B12” tərkibli çərəzlər xüsusilə qoz, fındıq, badam kimi məhsullar gündəlik rasiona daxil edilməlidir:

“Bununla yanaşı, zülal mənşəli paxlalılardan da istifadə vacibdir. Buraya mərcimək, noxud, lobya, qarabaşaq (qreçka) kimi qidalar daxildir.

Bütün bunları qəbul edərkən “C” vitamini ilə zəngin tərəvəzlərdən istifadə etmək lazımdır. Çünki sayılan qidaların tərkibindəki faydalı elementlər, xüsusilə də dəmir, “C” vitamini ilə birlikdə qəbul olunduqda orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Əgər bu qidalar kifayət qədər qəbul edilməzsə, uzun müddətdən sonra vitamin və mineral çatışmazlığından qaynaqlanan xəstəliklər yarana bilər. Bu isə bəzən müalicəsi çətin olan və ya geri dönüşü olmayan sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Əgər balanslı qidalanma təmin edilməzsə, bu zaman xüsusilə “B12” vitaminini qida əlavəsi şəklində qəbul etmək vacibdir. Çünki “B12” vitamini ətdə olduğu qədər digər bitki mənşəli qidalarda mövcud deyil. Buna görə də bu məqamlara diqqət yetirmək lazımdır.

Digər bir məqam isə ondan ibarətdir ki, bu vəziyyətin uzun müddət davam etməsi təbii ki, mümkün deyil. Çünki illərdir müəyyən xəstəliklərin bir dövrdə sürətlə yayılıb, sonra isə tədricən aradan qalxdığını müşahidə etmişik. Dabaq xəstəliyi də məhz belədir. Çox vaxt yaz və payız fəsillərində heyvanlar arasında sürətlə yayılır. Lakin bu, heyvandarlığın tamamilə sıradan çıxmasına səbəb olmur.

Uzun illər ərzində insanlar həm heyvan, həm də bitki mənşəli qidalardan istifadə ediblər. Lakin iqtisadi baxımdan bu vəziyyətin uzunmüddətli olması yerli sahibkarlara, fermerlərə və kənd təsərrüfatı ilə məşğul olan insanlara ciddi zərər vura bilər. Buna görə də qanunvericilik çərçivəsində müəyyən tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində yoxlamalar aparılır, xəstəliyin sürətlə yayıldığı ərazilərdə bazarların müvəqqəti bağlanılması, ət kəsim məntəqələrinə nəzarətin gücləndirilməsi kimi proseslər icra olunur.

Hazırda satışda xaricdən gətirilən çoxsaylı ət məhsulları var. Bu ətlər əsasən Monqolustandan, Braziliyadan, Hindistandan, Qazaxıstandan və Pakistandan idxal olunur. Lakin bu zaman müəyyən problemlər də yarana bilər. Əgər daşınma zamanı soyuq qida zəncirinə, yəni temperatur rejiminə riayət edilməzsə və ya nəqliyyat vasitəsində texniki nasazlıq olarsa, ətin tərkibində mikrobioloji çirklənmə baş verə bilər. Bu isə insan sağlamlığı üçün təhlükə yarada bilər.


Bu səbəbdən satışa çıxarılan bütün ətlər mütləq şəkildə yoxlanılmalı, mənşə ölkəsi, kəsim və istehsal tarixi, son istifadə müddəti və baytar nəzarətinə dair sertifikatlar göstərilməlidir. Xüsusilə xaricdən gətirilən ət məhsulları üçün risk analizi və laborator müayinələr aparılmalı, yalnız qida təhlükəsizliyi tələblərinə cavab verən məhsullar satışa buraxılmalıdır”.

Məhsəti Hüseynova son olaraq bildirib ki, ət alışında etibarlı, keyfiyyətli və mənşəyi bəlli olan mənbələrə üstünlük verilməlidi:

“Əgər uzun məsafədən ət alınacaqsa, bu, tövsiyə edilmir. Çünki daşınma zamanı temperaturun dəyişməsi, ətin donunun açılması və ya yüksək temperaturda saxlanması halları baş verərsə, bu, qida təhlükəsizliyi baxımından ciddi risk yaradır. Buna görə də ətin evə yaxın, sanitar qaydalara riayət olunan satış məntəqələrindən alınması daha məqsədəuyğundur”.

Müəllif: Ucnoqta.az redaksiyası