“Çelsi”nin baş məşqçisi Enso Mareska zədəli yarımmüdafiəçi Koul Palmerin durumunu açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, onun sözlərinə görə, ulduz futbolçu daha 6 həftə meydana çıxa bilməyəcək. Bu o deməkdir ki, Palmer “Qarabağ”la oyun üçün Bakıya gələ bilməyəcək:
“Mümkün qədər Koulu qorumağa çalışırıq. Ən vacibi odur ki, o, qayıdanda tam formada olsun. Tibbi heyət sehrbaz deyil. Ümid edirik ki, 6 həftə bərpa üçün kifayət edəcək. Prosesi mərhələli şəkildə izləməliyik. Əminəm ki, hər şey yaxşı olacaq. O, rahat görünür, zədədən sağalmaq üçün çalışır və bütün müalicə prosedurlarını yerinə yetirir”.
23 yaşlı ingilisin qasıq nahiyəsində problem var. 2025/26 mövsümündə Palmer 4 oyunda 2 qol vurub. O, sonuncu dəfə sentyabrın 20-də “Mançester Yunayted”lə görüşdə (1:2) meydana çıxmış, 21-ci dəqiqədə əvəzlənmişdi.
Qeyd edək ki, “Çelsi” Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir. Bu komandalar noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər.///publika.az