Ucnoqta.az
www.ucnoqta.az

Deputatlar Mehdiyevin həbsindən DANIŞDI

11:54 - 15 Oktyabr 2025 tarixində dərc olunub.

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsi tərəfindən 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Ramiz Mehdiyev həm də hakim Yeni Azərbaycan Partiyasın (YAP) Veteranlar şurasının üzvüdür.

Ramiz Mehdiyevlə bağlı hadisə ölkədə ciddi rezonans doğurub.

Modern.az saytı məsələyə Milli Məclisin üzvlərinin də münasibətini öyrənib.

YAP-çı deputat Aydın Mirzəzadə çox yüksək etimada layiq görülmüş şəxsin belə hallara yol verməsindən təəssüfləndiyini bildirib:

"İttiham DTX tərəfindən irəli sürülüb. DTX dövlətçiliyin keşiyində duran, dövlətçiliyimizə təhdid törədən halların qarşısını vaxtında alan qurum kimi cəmiyyətdə özünü tanıdıb. Əgər belə ittihamlar irəli sürülübsə, deməli, ciddi əsaslar var və bu, uzunmüddətli araşdırmanın, sübutların nəticəsidir. Çox təəssüf edirəm ki, yüksək vəzifədə çalışmış, böyük etimada layiq görülmüş şəxs tərəfindən belə hallara yol verilib. Bu göstərir ki, etimad göstərilmiş insan ona məsuliyyətlə yanaşmalıdır. Və istənilən etimad göstərilən şəxs bilməlidir ki, qanunsuz hərəkət edəcəksə, dövlətimizin, müstəqilliyimizin ziyanına dəyəcək addımlar atılacaqsa, mütləq ifşa olunacaq və onun qarşısı alınacaq.  Dövlətimizin sarsılmazlığına inanıram".

A.Mirzəzadə qanun qarşısında hər kəsin bərabər olduğunu vurğulayıb:

"Cənab Prezidentimizin apardığı siyasi xətt ölkəmizi güclü və sözün əsl mənasında müstəqil edir. Kimlərinsə bu siyasətə xələl gətirmək, yaxud Azərbaycanı xaoslar dövrünə aparmaq cəhdləri heç vaxt baş tutmayacaq. Qanun hamı üçün qanundur. Ədalət tez-gec yerini tapır. Dünənki qərar göstərdi ki, Azərbaycanda toxunulmaz şəxs yoxdur. Hər kəs qanun qarşısında cavabdehdir. Bundan ciddi nəticə çıxarılmalıdır. Heç kəs dövlətimizin təhlükəsizliyinə, müstəqilliyinə əl uzatmağa çalışmasın. Bu, gec-tez aşkar olunur".

YAP-ı parlamentdə təmsil edən digər deputat Elman Nəsirov qarşıdakı 4 ay ərzində hadisənin daha çox detallarının üzə çıxacağını düşünür:

"Dünən Səbail rayon Məhkəməsi Ramiz Mehdiyevin ev dustağı edilməsi ilə bağlı qətiimkan tədbiri seçib. Və çox ağır ittihamlar irəli sürülüb. Xüsusilə də, Cinayət Məcəlləsinin 274-cü maddəsi olduqca ağır ittihamdır, çünki burada dövlətə xəyanətdən söhbət gedir. Bundan ağır cinayət yoxdur. Digər maddələr də olduqca ağır cinayətləri özündə ehtiva edir. Onun yəqin ki, 87 yaşlı olması nəzərə alınaraq, barəsində ev dustaqlığı qərarı verilib. İstintaq prosesində, yəni 4 ay ərzində daha çox məlumat alacağıq. İrəli sürülən ittihamların detalları ilə bağlı məsələlər də yəqin ki, ictimaiyyətin diqqətinə çatdıdırlacaq".

E.Nəsirov Ramiz Mehdiyevin məhkəmənin yekun qərarı ilə cinayətkar elan edilməsindən sonra onun partiyadan çıxarılacağını vurğulayıb:

"Hakim partiyanın bu məsələlərdə mövqeyi bəllidir. Artıq cinayət əməli sübuta yetirilmiş şəxsin partiyada qalması mümkün deyil. Təqsirsizlik prezumpsiyası var. Bu və ya digər şəxsi hər hansı cinayətlərdə ittiham etmək olar. Amma o ittiham sübuta yetirildikdən, məhkəmənin yekun qərarı verildikdən - hüquqi baxımdan cinayətkar hesab edildikdən sonra, onu cinayətkar adlandırmaq olar. Ramiz Mehdiyevin ittiham edildiyi məsələlər sübuta yetirildiyi təqdirdə, hakim partiya tərəfindən bu məsələyə baxılıb müvafiqqərar qəbul edilə bilər. Bu, istisna deyil".

Müəllif: Ucnoqta.az redaksiyası