13 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmişdir. İclasda "Space TV" kanalının efirində qanunvericiliyin pozulması faktı müzakirə edilmişdir.
Bu barədə Ucnoqta.az-a Audiovizual Şuradan məlumat verilib.
Belə ki, 11 sentyabr 2025-ci il tarixində kanalın efirində 08.00-09.30 arası yayımlanan "Xəbərin izində" proqramının aparıcısı Səidə Bəkirqızı tərəfindən Ağdamda 16 yaşlı məktəbli qıza qarşı baş vermiş cinsi zorakılıqla bağlı xəbər təqdim olunarkən və şərh edilərkən "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü (ayrı-seçkilik təbliğ olunmamalıdır) və 14.1.9-cu (nifrət çıxışlarına yol verilməməlidir) maddələrinin tələbləri pozulmuşdur.
Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən fakt ayrıseçkiliyin təbliği və nifrət çıxışı kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunmuşdur.
Audiovizual Şuranın üzvləri aparıcının baş vermiş və istintaqı aparılan cinayət hadisəsini şərh edərkən həmin hadisənin törədildiyi bölgə və həmin bölgə əhalisi haqqında xoşagəlməz fikirlər səsləndirməsinin, qanunvericiliyə və jurnalistikanın etik prinsiplərinə məhəl qoymadan emosional formada cinayətin təfərrüatlarının efir vasitəsilə araşdırılmasının, bunu edərkən hər hansı yaşayış məntəqəsinin adının hallandırılmasının, cinayətin törədilməsinin həmin məkanla əlaqələndirilməsinin yolverilməz olduğunu bildirmişlər.
"Space TV" redaksiyası tərəfindən yayımda aparıcının çıxışının zorakılığa çağırış və təbliğ məzmunlu hissəsinin səsi məhdudlaşdırılsa da, efirə gedən parçada kifayət qədər pozuntu və nifrət nitqi halları biruzə vermişdir. Qeyd olunanları nəzərə alaraq, Audiovizual Şuranın üzvləri 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) "Space TV" kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul etmişlər.
Bundan əlavə, Audiovizual Şura üzvləri aparıcı Səidə Bəkirqızı tərəfindən proqramın həmin hissəsinin (efir zamanı səsi verilməyən zorakılığa çağırış məzmunlu hissə də daxil olmaqla) sosial şəbəkə hesabları vasitəsilə yayımlanması halını qəti surətdə pisləmiş, bunu jurnalist etikasına uyğun olmayan və peşəkarlıqldan uzaq bir hərəkət kimi qiymətləndirmişlər.
Audiovizual Şura bir daha, bütün yayımçılardan yayımı zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinin təmin olunmasını tələb edir və bu istiqamətdə redaksiya heyəti ilə, xusüsən də aparıcılar ilə izahedici işin aparılmasını ciddi tövsiyə edir.