Britaniya Kral Donanmasının təyyarədaşıyan gəmisi "Prince of Wales" Cənubi Koreyanın Busan şəhərinin cənubundakı beynəlxalq sularda təlimlər keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Seuldakı səfirliyinə istinadən Yonhap xəbər agentliyi məlumat yayıb.
Təlimlərə F-35B təyyarələri cəlb olunub. Təyyarədaşıyan gəminin göyərtəsində 24-ə qədər belə qırıcı yerləşdirilə bilər. Təlim zamanı “aviasiya imkanlarının nümayişi” baş tutub.
Böyük Britaniyanın Seuldakı səfiri bildirib ki, bu təlimlər Böyük Britaniya və Koreya Respublikası arasında əməkdaşlığın səviyyəsini və Londonun “strateji tərəfdaşlığı dərinləşdirməyə və regionun təhlükəsizlik arxitekturasına mühüm töhfə verməyə” hazır olduğunu nümayiş etdirir.
Təyyarədaşıyan gəminin təxminən 700 nəfərlik ekipajı var və ümumilikdə o, 1600-ə qədər hərbçini qəbul edə bilir.