Ucnoqta.az
www.ucnoqta.az

Penitensiar müəssisələrdə vərəmə qarşı mübarizə mövzusunda təlimlər keçirilib

14:35 - 17 İyul 2025 tarixində dərc olunub.

Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində vərəmə qarşı mübarizə mövzusunda təlimlər keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən 2025-ci il üçün təsdiqlənmiş Təlimlər planına əsasən İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin (İMM) Vərəm üzrə təlim mərkəzində vərəmlə mübarizə, həbsxanalarda vərəmə nəzarətin təkmilləşdirilməsi və tənəffüs yolu infeksiyalarının qarşısının alınması məqsədilə bir sıra təlimlər təşkil olunub. Tibb baş idarəsinin təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə keçirilən təlimlərin əsas məqsədi penitensiar müəssisələrdə tibb və qeyri-tibb sahəsində çalışan əməkdaşların yoluxucu xəstəliklər haqqında bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

May və iyun aylarını əhatə edən təlimlər “Şəxsi heyət arasında vərəm və kəskin respirator infeksiyaların yayılmasına qarşı profilaktik tədbirlər”, “Azərbaycanın penitensiar müəssisələrində vərəmin diaqnostikası, müalicəsi və profilaktikasında orta tibb işçilərinin rolu”, “Qısaldılmış müalicə rejimlərinin tətbiqi dövründə həbsxanalarda vərəmə nəzarətin təkmilləşdirilməsi. ÜST-ün Rifampisinə davamlı vərəmin müalicəsinə dair yeni yanaşmaları”, “Penitensiar müəssisələrdə tənəffüs orqanlarının kəskin respirator xəstəlikləri və vərəm infeksiyasının yayılmasına qarşı həyata keçirilən infeksion nəzarət tədbirləri” mövzularını əhatə edib.

Təlimlərə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayı Tibb-sanitar hissəsinin əməkdaşları, İMM-nin tibb xidmətinin həkimləri və orta tibb işçiləri, TƏBİB və Səhiyyə Nazirliyinin əməkdaşları, penitensiar müəssisələrin nəzarətçiləri, feldşer və ftiziatr ixtisaslı əməkdaşları daxil olmaqla, 70-dən çox iştirakçı qatılıb.

Təlimçi qismində ÜST ilə Əməkdaşlıq Mərkəzinin müəllim heyəti ilə yanaşı ƏN TBİ-nin mütəxəssisləri, ÜST Avropa bürosunun eksperti, ÜST Ölkə ofisinin mütəxəssisi və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun həkimi çıxış ediblər.

Silsilə təlimlər “Penitensiar müəssisələrdə İİV/Vərəm infeksiyalarının idarə olunması və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər. Zərərin azaldılması proqramının əhəmiyyəti” mövzusunda təlimlə yekunlaşıb. Sonuncu ikigünlük təlim penitensiar müəssisələrdə yoluxucu xəstəliklərin effektiv idarə olunması və tibb heyətinin peşəkarlığının artırılması məqsədilə tibb sanitar hissələrinin həkimləri üçün təşkil edilib.

Müəllif: Ucnoqta.az redaksiyası