Ucnoqta.az
www.ucnoqta.az

MİQ imtahanları başladı: 65 mindən çox namizəd ...

15:17 - 3 İyul 2025 tarixində dərc olunub.

Bu gündən etibarən 2025–2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verildi.

65 572 namizədin iştirak edəcəyi test imtahanları 3, 4, 8–10 iyul tarixlərində ölkənin 19 şəhərində olmaqla 44 imtahan mərkəzində təşkil olunur.

Test imtahanı mərhələsinin ilk gününün birinci seansına 3 771 namizəd dəvət olunub. Ümumilikdə birinci seans üzrə 83 % davamiyyət qeydə alınıb.

Məlumat üçün bildiririk ki, 3 iyul 2025-ci il tarixində keçirilən müəllimlərin işə qəbulu üzrə test imtahanı zamanı 325 namizədin iştirak etdiyi 5 imtahan mərkəzində internet bağlantısının təminatında fasilələr müşahidə olunmuşdur. Yarandığı andan etibarən texniki nasazlıq operativ şəkildə aradan qaldırılmış və itirilmiş vaxtın bərpası təmin edilmişdir.

Nəzərinizə çatdırırıq ki, 3 iyul tarixində təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 4 iyul saat 12:00-dan etibarən start veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası