Ucnoqta.az
www.ucnoqta.az

Braziliya 2029-cu il klublararası dünya çempionatına ev sahibliyi niyyətindədir

08:39 - 21 İyun 2025 tarixində dərc olunub.

Braziliya Futbol Konfederasiyasının (CBF) rəhbəri Samir Xaoud Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino ilə görüşündə 2029-cu ildə klublararası dünya çempionatının ölkə ərazisində keçirilməsində maraqlı olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə CBF-nin mətbuat xidməti məlumat yayıb.

2025-ci ildə Klublararası Dünya Çempionatı ilk dəfə olaraq dəyişdirilmiş formatda 32 komanda ilə keçiriləcək. Turnirə ABŞ ev sahibliyi edir.

"Hər şey giriş söhbəti ilə başladı.  CBF-nin rəhbəri kimi məqsədlərimdən danışdım və FİFA ilə daha yaxın olmaq istədiyimizi bildirdim. ABŞ-da keçirilən tədbirin və Braziliya klublarının səviyyəsinin yüksək olduğunu qeyd etdim və növbəti turnirin Braziliyada keçirilməsini təklif etdim. Canni İnfantino çox sevindi və bunun tamamilə mümkün olduğunu söylədi. İndi bunun baş tutması üçün çalışacağıq. Bu, böyük məqsəd olacaq” - o, deyib. 

O Globo qəzetinin yazdığına görə, 2029-cu il klublararası dünya çempionatına ev sahibliyi etməkdə maraqlı olan digər ölkə Avstraliyadır. Qeyd olunur ki, yerli federasiya 2023-cü ildə qadınlar arasında dünya çempionatına uğurla ev sahibliyi etdikdən sonra turnirin təşkili üçün müraciət etmək niyyətindədir. 

Müəllif: Ucnoqta.az redaksiyası