Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğan Mertzlə telefonla danışdı

15:27 - 20 İyun 2025 tarixində dərc olunub.

Almaniya kansleri Fridrix Merz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla İran və İsrail arasındakı münaqişəni müzakirə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stefan Kornelius məlumat verib.

Kornelius bildirib ki, hər iki lider İranın nüvə silahına malik olmaması və münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyi ilə bağlı yekdil fikirdədir.

Merz və Ərdoğan da Qəzza zolağında tezliklə atəşkəsə nail olmaq lazımdır fikrində yekdil olublar.

"Onlar gələn həftə NATO sammitinin uğurla keçirilməsi üçün birgə səyləri davam etdirmək barədə razılığa gəliblər", - Almaniya hökumətinin nümayəndəsi qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası