Bakıda "Dilənçı mafiyası"nın yeni dilənçilik üsülu

15:03 - 7 Sentyabr 2017 - Cəmiyyət

Sahib Məmmədov: "Onların arxasında duranlar bəzi vəzifəli şəxslərlə gizli sövdələşməyə gedirlər"


 Dənizkənarı bulvarda, digər parklarda, istirahət yerlərində gəzərkən, hər hansı bir məkanda əyləşərkən azyaşlı uşaqların insanlara yaxınlaşıb salfet, təsbeh, oyuncaq və s. əşyalar satması halları ilə rastlaşırıq. 7-12 yaşlarında olan həmin azyaşlılar qeyd etdiyimiz məhsulları dəyərindən qat-qat baha, hətta 5-6 dəfə artıq qiymətə satmağa çalışırlar. Özü də onlar elə hazırlanıblar ki, böyüklərlə böyük kimi danışır, malı hər vasitə ilə satmağa çalışırlar.
Düzdür, çox adamın uşağa yazığı gəldiyi üçün pulundan keçib alır. Amma burada diqqət çəkən məqam odur ki, o uşaqlar yaşıdları kimi məktəbə getməli, təhsil almalı olduqları halda günü bir neçə manata işləyirlər, yaxud da məcbur edilirlər. Məcbur edilməni ona görə deyirik ki, o uşaqların yaxınlığında onlara nəzarət edən 30-35 yaşlarda qadınlar da olur. Onlar bu işi dolanışıq üçün edirlərsə uşaqlar yox, həmin o qadınlar işləməlidir. İmkansızıqdandırsa, onların üst-başına baxanda heç də imkansız təəssüratı yaranmır. O zaman belə təəssürat yaranır ki, bu işi təşkil edənlər, kənarda dayanıb nəzarət edənlər hansısa gizli qrupun üzvləridir. Onlar dilançi mafiyasının başqa bir formasını ortaya qoyurlar.

Dənizkənarı Bulvar İdarəsi ərazisində mühafizə xidmətinin güclü təşkil olunduğunu orda gəzərkən görmək mümkündür. Bəs bu kimi hallarla mübarizə niyə aparılmır? Ümumiyyətlə, Dənizkənarı Bulvar İdarəsi ərazisində bu kimi halların aradan qaldırılmasında adıçəkilən qurumun rolu nədən ibarətdir? Bu hallarla mübarizəni kim aparmalıdır? Buna azyaşlı uşaqların məcburi əməyə cəlb olunması demək olarmı? 
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, bu işin adını tam mənada məcburi əmək qoymaq olmaz: “Çünki onlar ya könüllü, ya da valideynlərinin istəyi, razılığı ilə yol kənarlarında xırda əşyalar sataraq dolanışıqlarını təmin edirlər. Ümumiyyətlə, dünyada bu hallara qarşı mübarizə çox çətindir. Çünki, bəzən uşaqların belə şeylərə ehtiyacı olur. Bizdə belə hal yoxdur, amma, Hindistanda uşaqların məcburi əməyə cəlb olunması ilə bağlı böyük kampaniya aparılıb və həmin şirkətlər məcbur olub uşaqları işdən çıxartdı.  Amma sonra məlum oldu ki, uşaqların ya özləri, ya da valideynləri acından ölüblər. İndi bizdə belə təhlükə yoxdur. Bu ehtiyacdan doğur”.
S.Məmmədov qeyd etdi ki, problemin həlli üçün administrativ yollarla yox, başqa üsullarla işlər görmək lazımdır: “Buna alternativ olaraq nələr etmək olar? Müəyyən olunsa ki, uşağın, yaxud valideyninin imkanı yoxdur , bunu etməyə məcburdur, onda administrativ tədbirlər çox çətindir. Bununla Dənizkənarı Bulvar İdarəsi yox, qəyyumluq, hüquq-mühafizə orqanları, uşaq məsələləri ilə məşğul olan dövlət orqanı və sairə məşğul olmalıdır. Mən adminstrativ üsulların o qədər də tərəfdarı deyiləm. Başqa üsullar seçilməldir”.
Satışla məşğul olan həmin uşaqların yaxınlığında onlara nəzarət edən 30-35 yaş arası qadınların olduğunu da görürük. S.Məmmədov dedi ki, duruma görə burada qiymətləndirmə də dəyişir. Azyaşlı uşaqların dilənçiliyə cəlb edilməsi halı aşkarlandıqda, bununla mübarizə tədbirləri görülməlidir: “Bu dilənçiliyə cəlb etmədir. Başqa xalqların nümayəndələri var ki, onlarda da geniş yayılıb. Bu çox ciddi problemdir. Əlbəttə, buna qarşı mübarizə aparmaq lazımdır. Satış üçün məcbur etmənin arxasında duranların kimlər olduğunu bilmirəm. Amma əgər elə adamlar varsa, həmin şəxsləri tapıb cəzalandırmaq lazımdır. Buna qarşı effektiv mübarizə üsulu yoxdur. Onların arxasında duranlar bəzi vəzifəli şəxslərlə gizli sövdələşməyə gedirlər. Ona görə də çox çətin olur. Bəzi cəmiyyətlər bunlara qarşı mübarizəni təşkil ediblər. Burda administrativ üsul ən axırıncı yerdə olmalıdır”.
Daha sonra Dənizkənarı Bulvar İdarəsi aparat rəhbəri Elmir Bağırovla əlaqə saxladıq. O bildirdi ki, əsasnaməyə görə, Dənizkənarı Bulvar İdarəsi ərazisində belə hallar olduqda əlaqədar şəxslər hüquq mühafizə orqanlarına müraciət edirlər: “Hüquq mühafizə orqanı olmadığımız üçün belə neqativ və hüquqa zidd olan halların qarşısını özümüz almırıq. Bununla məşğul olacaq hər hansı bir şöbəmiz yoxdur. Fəaliyyətimiz dənizkənarı bulvarın qorunması və saxlanılmasına həsr olunub.  Bizim hüquq və vəzifələrimiz bunlardır”.
E.Bağırov qeyd etdi ki, belə faktlarla bağlı idarəyə ayrı-ayrı insanlar müraciət etməlidirlər. Belə müraciətlər olduğu halda aidiyyatı üzrə hüquq mühafizə orqanlarına məlumat verilir: “Bizim mühafizə əməkdaşlarımız belə halları müşahidə etdikdə hüquq mühafizə orqanlarının ərazidə fəaliyyət göstərən əməkdaşlarına müraciət edirlər və aidiyyatı qurumlar bu məsələlərə baxırlar. Bundan əlavə, qeyri-qanuni ticarətlə məşğul olan uşaqlar da var. Bununla bağlı Dənizkənarı Bulvar ərazisində operativ olaraq Daxili İşlər Nazirliyinin post patrul xidməti fəaliyyət göstərir. Onlara bu qaydada məlumat verilir. Yəni, bizim bu barədə səlahiyyətimiz yoxdur”.
Bakı Şəhəri Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Arif bildirdi ki, bu işlər nəzarətdədir, müəyyən tədbirlər görülür: “Uşaqları bu işlərə cəlb edənlər qanun qarşısında məsuliyyət daşıyırlar. Burada cəmiyyətin də öz rolu var. İnsanlar belə qanunsuz hal gördükdə, zəng edib lazımi orqanlara məlumat verməlidir. Cəmiyyətdə hər şeyi polislərin və mühafizə orqanlarının üstünə yıxırlar. Bir haşiyə çıxım. Məsələn, bir nəfər maşını yolun ortasında saxlayanda heç kim ona yaxınlaşıb maşını orada saxlamağın düzgün olmadığını demir. Cəmiyyətin özünü dəyişmək lazımdır ki, qanunsuzluq, ədalətsizlik görəndə reaksiya versinlər. Ən azından müvafiq struktura zəng vurub xəbər verməlidirlər”.


Könül Əhmədova

Xəbər xətti