Daxili İşlər Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, əvvəlcə Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, professor Ədalət Qasımov Ulu öndərin dövlətçilik tarixindəki yeri və mövqeyi ilə bağlı çıxış edib.
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən Ə.Qasımov bildirib ki, şərəfli ömür yolunu ölkənin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən ulu öndərin dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.
Ölkəmizdə cinayətkarlıqla qətiyyətli mübarizəyə, ictimai asayişin qorunmasına ulu öndərin xüsusi önəm verdiyini vurğulayan daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev bildirib ki, bu gün ölkəmizdə hüquqi-normativ bazanın formalaşmasında mühüm əhamiyyətə malik qanunların qəbul edilməsində, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində, eyni zamanda, respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində ulu öndərin əvəzsiz xidmətləri var. O, ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanın bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoyduğunu diqqətə çatdırıb. Bildirilib ki, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunların, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” və “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamələr qəbulu ulu öndərin daxili işlər orqanlarının fəaliyyətinə verdiyi böyük önəmin bariz nümunəsi idi.
Daha sonra tədbir iştirakçıları ulu öndərin ömür yolundan bəhs edən sənədli filmə baxıblar.