Biz deyirik ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. Nəyəsə görə, bu, tam əks formada başa düşülür ki, işsizlər sığortalanmayacaq. Əksinə, ilk dəfə olaraq qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də dövlət tərəfindən sığorta olunacaq.
Ucnoqta.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, dövlət büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait qoyulub:
"Bu, təqribən 3-7,5 milyon insanımızın sığorta haqqıdır. Əlavə olaraq, təqribən 2 milyon insanımız muzdlu əmək qabiliyyəti ilə çalışır. Onların da sığortası, əmək qabiliyyətli şəxslərin uyğun olaraq, işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarlarımızın da sığortası onlar tərəfindən qarşılanır".
"Kim kənara qalır? Yalnız işləyən, gəliri olan, bu gəlirini gizlədən, qeyri-formal məşğul olan şəxslər. Qeyri-formal fəaliyyət göstərmək özü qanunvericiliklə qadağan edilmiş bir fəaliyyətdir. Biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanların sığortasını özləri ödəyəcək", - deyə nazir bildirib.
Sahil Babayevin sözlərinə görə, xüsusi qaydalar olacaq və qeyri-formal məşğul olan şəxslərin müəyyən edilmə meyarları elektron şəkildə aparılacaq:
"Fərdiləşmiş məlumat əsasında, təqdim olunan şəxsin vəziyyətinə uyğun olaraq müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyaya düşür. O kateqoriyaya düşməyən insanların da gəlirinin mənbəyi soruşulacaq və onlar da sığortadan kənar qalmayacaq.
Əksinə, onlar üçün də imkan yaradılır ki, bir də əlavə sığorta haqqı ödəməklə, istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Yəni, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti güzəşli və müsbət bir addımdır. Bugün qeyri-qanuni şəkildə fəaliyyət göstərən insanlardan savayı hər kəsi tam şəkildə əhatə edir".