Sumqayıtda fəhlənin ölümü araşdırılır

16:46 - 22 İyul 2025 - Xəbər

Sumqayıtda 2005-ci il təvəllüdlü şəxsin ölümü ilə bağlı araşdırma başladılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 22-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayonda torpaq uçqununun baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, torpaq uçqunu baş verib və 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində uçqun altında köməksiz vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti