Məhərrəm ayı ilə bağlı fətva verildi

10:47 - 23 İyun 2025 - Cəmiyyət

Məhərrəm ayı ilə bağlı fətva verilib.

Bu barədə Ucnoqta.az-a QMİ-dən bildirilib.

Fətvada deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.

“Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək”, - qeyd olunub.

Qazılar Şurası dindarlara xatırladır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.

QMİ Qazılar Şurası onu da diqqətə çatdırıb ki, “Dini etiqad azadlığı haqqında” Qanununun müddəalarına riayət edərək dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir: “Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir. Xüsusilə qeyd etmək istərdik ki, ölkəmizin suverenliyi, dövlətçiliyimizin yenilməz nüfuzu əleyhinə son dönəmlərdə güclənən erməni revanşist təbliğatına qarşı Azərbaycan din xadimləri tərəfindən qətiyyətli və davamlı şəkildə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən çağırışlar edilməli, xütbələr oxunmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.
Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimizin Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin!”

Xəbər xətti