Tramp növbəti dəfə dünyanı aldatmağa çalışdı: İrana hücum birlikdə hazırlanıb ...

11:12 - 22 İyun 2025 - SİYASƏT

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə dünyanı aldatmağa çalışdı, Ağ Ev sahibi bir neçə gün əvvəl söyləmişdi ki, İrana qarşı müharibəyə qoşulub-qoşulmayacağına iki həftə ərzində qərar verəcək. Buna baxmayaraq, beynəlxalq aləm Trampın iki həftə gözləməyəcəyindən şübhəli idi. Çünki, Tramp müxtəlif mövzularda bir söz deyib, bir neçə gün sonra fərqli qərarlar verib. Bu dəfə də belə oldu.  

Ucnoqta.az xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu deyib. Ekspertin sözlərinə görə, İsraillə ABŞ İrana qarşı müharibə planını bir yerdə hazırlayıblar: 
"İrandakı dairələr son ana qədər nüvə mövzusyla bağlı Vaşinqtonun danışıqlarda maraqlı olduğunu düşünürdülər. Halbuki, artıq düyməyə basılmışdı. Xatırlayırsınızsa, ABŞ mətbuatı həftələr öncə belə bir xəbər yaymışdı ki, guya Trampla İsrailin baş naziri Benyamin Netanyahunun arası dəyib və guya ABŞ Prezidentinin ərəb dövlətlərinə səfəri və orada imzaladığı sazişlər Tel-Əvivdə neqativ qarşılanıb. Bu xəbərlər İrandakı dairələrin diqqətini yayındırmaq üçün yayılmışdı. İranda düşünməliydilər ki, əgər Trampla Netanyahunun arası dəyibsə, Tel-Əviv Vaşinqtonun icazəsi olmadan İrana zərbə endirməyəcək. Halbuki, bu Vaşinqtonla Tel-Əvivin planının psixoloji hissəsi idi. Hazırlanan plana görə, İsrail birinci başlamalı, bir neçə gün sonra ABŞ qoşulmalı idi. Hazırda bu plan tam gücüylə həyata keçirilir və ABŞ yalnız nüvə mərkəzlərini bombalamaqla kifayətlənməyəcək".  

Politoloqun sözlərinə görə, Tehran ABŞ-ın zərbələrinə nəsə cavab verməlidir, əks halda İranda qərar verənlərin imicinə növbəti ağır zərbə dəyəcək:
"Tehranın cavabı necə olacaq? İran ABŞ-ın Körfəz ölkələrindəki hərbi bazalarına raket zərbəsi vurmaq istəyə bilər. ABŞ-ın Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İraqda böyüklü kiçikli bir neçə hərbi bazası var. Bu sıraya Türkiyədəki İncirlik hərbi bazasına da daxil etmək lazımdır. Yəni İran faktiki ABŞ hərbi bazalarının əhatəsindədir. Əgər İran qonşu ölkələrdən hər hansı birindəki Amerika hərbi bazasına zərbə vurarsa, bu İran üçün iki neqativ nəticəyə səbəb olacaq.
Birincisi, ABŞ tam gücüylə İranı bombalamağa başlayacaq.
İkincisi, İran həmin bazaların yerləşdiyi ölkələrlə münasibətləri zəiflədəcək ki, indiki məqamda bu İranın durumunu daha da ağırlaşdıracaq. Başqa bir addımı kimi haqqında çox danışılan İranın Hörmüz körfəzini bağlaması ola bilər ki, bunun da İranın özünə ciddi mənfi nəticələri olacaq. Birincisi, İran dost adlandırdığı ölkələrə neft sata bilməcəyək. İran iqtisadiyyatı isə tamamən enerji resurslarının satışından asılıdır. İkincisi, Hörmüz boğazı qapadılarsa, İranla normal münasibətləri olan Körfəz ölkələrinin bir qismi də neft satışında çətnliklərlə üzləşəcəklər. Yəni İran ABŞ-a qarşı hansı cavab tədbirini reallaşdırmağa çalışarsa, bunun həm bölgə ölkələrinə, həm də İranın özü üçün indikindən ağır nəticələri olacaq".

Elxab Şahinolu qeyd edir ki, İranın tərəfdaşları olan Rusiya və Çinin ABŞ-ın müdaxiləsinin qarşısını almaq üçün diplomatik fəallıqlarının heç bir nəticəsi olmadı: 
"Moskva və Pekin İsraili durdura bilmədilərsə, Amerikanı heç durdura bilməyəcəklər. Rusiya Prezidenti Vladimir Putin daha ağır duruma sürüklənib. Birincisi, Rusiya yanvarda İranla strateji tərəfdaşlıq sazişi imzalamışdı. Bu saziş İranı hücumdan xilas etmədi. İkincisi, Putin amerikalı həmkarıyla tərəfdaşlıq əlaqələri qurmuş, Ağ Ev sahibinin Ukrayna siyasətindən məmnun idi. Belə olan halda Putin İrana hücuma görə Trampın ünvanına kəskin fikirlər söyləyib, onunla əməkdaşlıqdan imtina edərmi? Çətin. 
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da eyni durumdadır. Rəcəb Tayyib Ərdoğan Donald Trampla əməkdaşlığın inkişafına ümid edir, iki prezident bir-birlərini dost adlandırırdılar. Rəsmi Ankara İsrailin İrana hücumunu qəti şəkildə pisləyir, Ərdoğan Benyamin Netanyahunu Adolf Hitlerə bənzədir. Ərdoğan üçün Trampı Netanyahu ilə eyni sıraya qoyması mümkün görünmür. Əlbəttə, Vaşinqtonun müharibəyə qoşulması qərarı Ankarada tənqid olunacaq, ancaq bu, prezidentlərin münasibətinə çox da mənfi təsir etməyəcək, həm də İrandakı rejimə görə, Türkiyə supergüclə niyə üz-göz olmalıdır?"

Xəbər xətti