13-14 sentyabr tarixində Fransanın Paris şəhərində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun növbəti iclası keçiriləcək. Bu barədə “Üç nöqtə” qəzetinə nazirliyin mətbuat xidmətindən Zöhrə Əliyeva bildirib. 13-14 sentyabr tarixində keçiriləcək növbəti iclasda YUNESKO katibliyi, Fransa Respublikası rəsmiləri ilə müzakirələrin aparılması, həmçinin Azərbaycanın qeyri maddi mədəni irs nümunələrinin YUNESKO-nun Qeyri maddi irsin Reprezentativ siyahısına daxil edilməsi nəzərdə tutulub. Bununla yanaşı Azərbaycan nümayəndəsinin YUNESKO qeyri maddi irs üzrə Komitəsində işləməsi üçün namizədliyinin təqdim edilməsi, Luvr muzeyi ilə əməkdaşlıq məsələlərinə dair danışıqların aparılması məqsədilə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti cari ilin 12-17 sentyabr tarixində Parisdə səfərdə olacaqdır.
Zöhrə Əliyevanın sözlərinə görə, növbəti ilin aprel ayında Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da keçirilməsi nəzərdə tutulur. Forumla bağlı YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Məkəzi və nazirliyin nümayəndələrindən ibarət işçi qrup müvafiq sənədləri hazırlayır.