Allah sizə rəhmət eləsin ölülər, sizin ruhunuz şad, bizim qarnımız tox olsun!
elmur@box.az
Şokalad, qənd, üzüm, mandarin, armud, «Bonaqua», «Sirab», fıstıq, xurma, halva, qoğal, badambura, marmalad, dovğa, pomidor, xiyar, xiyar turşusu, kələm turşusu - ağ və qırmızı rəngdə, göyərti, pendir, çörək – təndir və lavaş, plov, aş qarası, kişmiş və qaysı qovurması, axırda da diş qurdalamaq üçün çöp. Ay Allah, ürəyim üzüldü bunları yazıb qurtarana kimi. Başa düşürəm, Siz oxuculara da çətin oldu. Amma ərz eləyib qısa açıqlama vermək istəyirəm ki, adların çəkdiyim bu məhsuli-təamların hamısı bir məclisdə verilir, yəni süfrəyə düzülür. Bunların hamısı 304 işarədən ibarət oldu və 18 növ məhsuldur. Hansısa bir əcnəbiyə desən ki, bunlar bir müsəlmanın yas məclisində, yəni, el dili ilə desək, hüzür yerində süfrədə olur, əlbətdə, kefli İsgəndər sayağı bizi lağa qoyub gülərlər.
XXI əsrə (xahiş edirəm, bunu iks, iks, bir kimi oxumayın, 21-ci kimi oxunur. E.M) qədəm qoyandan bəri adam yas mərasimində çadıra ayaq basanda kədərlənmək əvəzinə, deyib-gülmək istəyir. Nədənki, həmin yas çadırında yaradılmış VİP şəraiti görəndə, masanın üzərinə düzülən təamlara nəzər salanda, əlbətdə, hamının üzü gülməlidir. Ondan ötəri ki, soyuqda donan adam çadırda ARDNŞ-in və SOCAR-ın qadağan elədiyi qaz peçlərində isinir, qəşəng pürrəngi çay içir, üstəlik, çayın yanında halva, fıstıq, şokalad, qənd, daha nə bilim nə kimi təam desən, olur. Yayda çadırlara kondisioner də qururlar. Belə baxanda, rəhmətlik Üzeyir bəyin yazdıqlarını bir balaca dəyişsək, gözəl və müasir bir məsəl alınar. Yayda harada sərinləmək olar? «Palatka»da. Qışda harada isinmək olar? «Palatka»da. O zaman deyin görək yas mərasimi üçün qurulan «paladka»da adamın üzü gülməlidir, yoxsa ağlamalı? Əlbətdə, gülməlidir, şənlənməlidir, lap elə altdan-altdan hırıldamalıdır.
Çadıra ayaq basan kimi görürsən yekəqarın kişilər yığışıb bir tərəfə, dollardan, qızıldan danışırlar, onu buna satırlar, bunu ona sırıyırlar, vur-hay pul qazanırlar. Bir kənarda rəhmətə gedənin qohumları oturub, üzlərindən kədər yağır, ya da masaya düzülən təamları acgozlüklə nuş eləyənlərə ikrah hissi ilə baxıb, əsəblərindən dodaqlarını gəmirirlər ki, bunlara bax, elə bil toya gəliblər, necə də tıxırlar, utanmazlar. Acgozlüklə nuş eləyənlər də onların üzünə baxıb deyir ki, ay yetim, axı sənin nəyinə gərəkdir ki, bu süfrəyə 18 adda təam düzmüsən? Borcun içində üzürsən, gözümüzün içinə də elə baxırsan ki, az qalırsan deyəsən ki, ay acgözlər, yeməyin mənim dədəmin ehsanından, bunları süfərəyə yemək üçün yox, reklam üçün düzmüşük. Bəli-bəli, düz oxudunuz, məhz reklam üçün. Yas məclislərinin reklamı. Bəzi tanınmış insanlar var ki, danışanda adam deyir, bərəkallah, yaxşı danışdı. Həmişə yas məclislərindən söhbət düşəndə bu adamlar deyir ki, bəli, dəbdəbəli yas məclislərinə ehtiyac yoxdur, bu qədər təamı süfrəyə düzmək lazım deyil, din belə deyir, ayələr belə buyurur, surələr buna icazə vermir. Amma Allah hamının ölənlərinə rəhmət eləsin, mən həmin adamlardan bəzilərinin əzizinin yas məclisində iştirak eləmişəm və süfrədə barmaq qoymağa yer tapmamışam. Yuxarıda qeyd elədiyim siyahıda banan, kivi, ananas yox idi, amma həmin məhşur adamların məclisində onlar da olub.
Yas məclisində oturan kimi yan-yörəyə göz gəzdirirsən. Hamı telefonlarını stolun üstünə düzüb reklam eləyir, heç kəs də telefonun səsin almır. Biri harasa zəng eləyib «xod gedir».
- Ayə, get Əhmədin yanına, 20 mini ondan al, apar ver Əliyə, rəisə də denən mən burda yoxam, nazirin qardaşı zəng eləmişdi, dedim, başım qarışıqdı, sonra danışarıq. Həmin adamın telefonuna mesaj gəlir, mesajın səsi isə aktyor Elməddinin «Bay, bay, bay, sənə də mesaj gələrmiş» sözləri ilə başlayır. O saat hiss olunur ki, bu bəy çox ciddi bir iş adamıdır.
O biri adam yanındakına deyir ki, yaxşı «Mercedes» var, yaman gündə idi, amma elə düzəldiblər ki, heç nə hiss olunmur, müştəri tap, sataq, sənin də hörmətini eləyəcəm.
Süfrəyə yemək gəlir. Molla ofisantlara deyir ki, birinci turşunu gətir. Düzü, mən heç başa düşmədim ki, turşu mollanın nəyinə gərəkdir. Nə isə, yemək gəldi, biz də qaşıqları şaqqıldada-şaqqıldada yedik, mollaya dedim fatihə ver, biz gedək. Molla əmi ağzından düyü tökülə-tökülə mənə cavab verdi ki, hələ gözlə, yemək yeyən var. Gözü ilə də mənə süfrənin axırını göstərdi. Amma həmin yerdə heç kim yemək yemirdi, hamı mollanın fatihəsini gözləyirdi. Mollanın başı isə aşa qarışmışdı. Birazdan fatihə verildi, hamı qalxıb çadırı tərk elədi, bayırda dayanıb siqaret çəkdilər, sonra da qarınlarını sığallaya-sığallaya hüzür yiyələrinə yaxınlaşıb, «Allah rəhmət eləsin» dedilər və bu da oldu bizim yas mərasimimiz.
Kimsə mənim yazdıqlarımda yas mərasiminə aid nəsə hiss elədisə, mən daha bu mövzuda bir də yazı yazmayacam və yas mərasimlərinə getməyəcəm. Getsəm də dilimi dinc qoyacam.
P.S. Mənim bir qonşum var, adı Arzumandır. Əvvəllər çəkməçi işləyirdi. Sonradan çəkməçi «toçka»larının sayını artırdı, öz yerinə başqalarını işlətməyə başladı. İndi isə yas çadırlarının kirayəsi ilə məşğul olur, çox hörmətli bir insana çevrilib. Nə vaxt desən ki, sənətkar, xəbərin var, filankəs xəstələnib? O saat Arzumanın gözü gülür və əlini əlinə sürtə-sürtə cavab verir ki, «çox yaşamayacaq, gərək onun «adres»ini öyrənim».