Hələ bir necə il öncə İqdira gedərkən təəccublənmişdim. Türkiyə Cümhurriyəti kimi böyük bir dövlətin İqdir kimi sosial problemlər içərisində olan bir bölgəsinin olmasına. Axi mən Türkiyəni İstambulla, Ankarayla, İzmirlə tanımışdım. Qısası İqdır səfərimə qədər Türkiyənin bütün bölgəsi mənim ücün İstambul kimiydi. Xəyal qırıqlığına ugradım. Sonra da ölkəmizin ən ucqar kəndinə belə şükr etdim. O səfərimdən sonra bir yazıda yazmışdım. Hətta təklif etmişdim ki, sahibkarlarımız İqdıra, Qarsa investisiyalar qoysunlar. Niyə İqdırı xatırladım. İki-üç gün öncə Gəncəbasar bölgəsinə getmişdim. Gəncədən başlanan yol məni Şəmkirə, Tovuza, Qazağa, Gədəbəyə kimi apardı. Deyim ki, çox gözəl görüşlərimiz oldu. Yerli televiziyalardakı çıxışlarımız, bəzi ziyalılarımızla görüşümüz möhtəşəm idi. Məlumunuz olsun ki, düz dörd il bundan öncə o bölgəyə getmişdim. Axırıncı dəfə olduğum muddətdə Gəncəbasar bölgəsindən konkret Gəncədən yazı yazıb aparılan yenidənqurma işlərini o ki var tərifləmişdim. Elə bilməyin ki, həqiqət deyildi yazdıqlarım, tam səmimi bir yazı idi.
O düz dörd il əvvəliydi. Bəs, dörd ilsonra necə?
Hə, bax bu bir az qəliz məsələdir. Gördüklərim məni şaşırtmışdı. Daha dogrusu məni təəcubləndirən nəsə görmədim. Əksinə təəsufləndim. Ölkənin ikinci böyük şəhərinin az qala hər tinindən əyalət qoxusu gəlirdi. Deməli bu dörd ildə hec nə dəyişməyib. Tam əksinə. Peterburq da Rusiyanın ikinci böyük şəhəridir. Amma oradakı Moskvadan da üstün ədəbi mühitə, teatr mühitinə Gəncəmizdə görə bilməzsiniz. Halbuki Nizami Gəncəvi kimi böyük dahini Gəncə yetişdirib. O zaman nə baş verir? Dəhşətlidir. Yeri gəlmişkən Gəncədə bir həmsöhbətimdən soruşuram ki, kinoya, teatra münasibət necədir? Bu cavab da məni təəcubləndirdi. Teatr, kino var ki, gedək? Doğru sözə nə deyəsən.
Bilmirəm nə dərəcədə real ola bilər, ancaq mən düşünürəm ki, Gəncə gerçəkdən də paytaxta çevrilməlidir. Çünki Bakı onsuz da inkişaf edir və edəcək. Gəncənin inkişafına ehtiyac var. Mən bu fikrə Tovuzda, Şəmkirdə, Gədəbəydə, Qazaxda olarkən gəldim. Və bu ideyanı ortaya atanlara sağ ol dedim. Düşünülmüş və ağıllı təklifdir. Etiraf edək ki, Gəncəbasar bölgəsində, o cümlədən ətraf rayonlarda böyük işlər görülüb və görülür. Yollar cəkilir, yeni obyektlər tikilir və s. Ancaq bütün bunlar tam inkişaf deyil. Çünki inkişaf ücün cox şeylər dəyişməlidir. Bir anlıq düşünək ki, Gəncə paytaxtdır. Oraya paytaxt sivlizasiyasının gedişi hər şeyi, baxışlar sistemini belə dəyişəcək.
Xulasə, mən Gəncəbasardan paytaxt Bakıya xəyal qırıqlığı ilə qayıtdım. Məncə 2503 yaşlı Gəncəni yalnız paytaxt yarlığı xilas edə bilər. Unutmayın, Gəncə Qarabağa daha yaxındı və Qarabağ Gəncədən daha yaxşı görünür.