Dünya bazarında neftin qiyməti ziqzaqvarı dəyişir. Əgər noyabrın 4-də qara qızılın bir barreli 80 dollardan baha satılırdısa, bir gün sonra bu göstərici 80 dollara düşdü. Qısa müddətdə qiymətin dəyişməsinin isə arxasında maraqlı açıqlamalar dayanır. Məsələn, noybrın əvvəlində Birləşmiş Ştatların Federal Ehtiyat Sisteminin ABŞ iqtisadiyyatın dirçəlməsilə bağlı bəyanatı neft bazarına təsir etdi. Qurumun rəhbəri Ben Bernankenin «Ölkə iqtisadiyyatı artıq bərpa yolundadır, ölkədə işsizlik səviyyəsinin artım tempi dayanıb, kredit sistemi qaydaya düşür, sənayedə dirçəlmə var və nəhayət, ölkədə neft və neft məhsullarına olan tələbat artıb», açıqlaması Nyu-York əmtəə birjasında WTI markalı neftin bir barrelinin qiymətinin 80 dollar 40 sentədək bahalaşmasına səbəb oldu. Bundan OPEK də yararlanmaq həvəsinə düşdü. Belə ki, kartelə daxil olan Nigeriya və Anqola gündəlik qara qızıl hasilatını 80 min barrel artırdı. Təşkilata üzv olan digər ölkələrsə, gələn aydan hasilatı artırmaq niyyətindədir. Bu məqsədlə OPEK, dekabrın 22-də növbədənkənar sammitini keçirəcək. Sammitdə hasilatın artırılması ilə bağlı qərarın qəbulu gözlənilir. Bu barədə təşkitlatın baş direktoru Abdulla Səlim Əl-Bədri məlumat verib.
Amma bir gün sonra açıqlanan başqa məlumatlar əks effekt verdi. Yenə də neftin qiyməti narahatlığın, ziddiyətli xəbərlərin qurbanı oldu. ABŞ Əmək Nazirliyinin ölkədə işsizliyin səviyyəsi barədə məlumatıbunu bunu deməyə imkan verir. Analitiklərin proqnozlarına görə, bu ölkədə işsizlərin sayı son 26 ildə maksimum həddə-9.9 faizə çatıb. Həmin məlumat işsizliklə bağlı müavinətlər üzrə ötən həftə ilkin və təkrar müraciətlərdə müsbət dəyişikliklərin baş verdiyinə, qeyri-kənd təsərrüfatı sektorunda məşğulluqla bağlı göstəricilərin yaxşılığa doğru dəyişəcəyi ehtimalına baxmayaraq neft bazarının iştirakçıldarında böyük narahatlıq yaradıb. Bir sözlə, son məlumat bazar iştirakçılarının ABŞ iqtisadiyyatının bərpası və bu sahədə sabitliyin yaranması və neftə tələbatın artması ilə bağlı məlumatlara inamını azaldıb. Göründüyü kimi cəmi bir gün sonra Ben Bernankenin açıqlamasınına zidd xəbər yayılıb. Bu xəbər isə əks effekt verib və neftin ucuzlaşmasına səbəb olub. Nəticədə Nyu-York əmtəə böirjasında WTI markalı neftin dekabr füçersində bir barrelinin qiyməti 0,78 dollar ucuzlaşaraq 79,62 dollar təşkil edib. Londondakı İCE birjasında isə Brent Crude neftin barreli 0,90 dollar ucuzlaşaraq 77,99 dollara satılıb. Göründüyü kimi iki gün ərzində fərqli açıqlamalar bazarda qiymətə fərqli təsirlər göstərib. Bu onu göstərir ki, yüksək vəzifəli məmurların, nazirliklərin və sairələrin açıqlamaları dərhal bazarda qiymətə təsir edir və bazarın sabit olmadığını göstərir. Ümumiyyətlə, möhtəkirlik çox önəmli faktordur. 2008-ci ildin iyununda neftin bir barrelinin qiymətinin 147 dollaradək bahalaşması da tələb/təklifdən çox möhtəkirlikdən aslı idi. Lakin indiki şəraitdə neftin bir barrelinin qiymətinin 70-80 dollar arasında dəyişməsi bütün bazar iştirakçılarının maraqlarına xidmət edir. İlin sonunadək bu göstəricinin kəskin dəyişəcəyi isə inandırıcı deyil. Çünki dünya iqtisadiyatının tədricən bərpası neftə tələbatın kəskin artmasını stimullaşdırmır. Beləliklə. Biz neftin qiymətinə təsir edən bir faktı sizin diqqətinizə çatdırdıq.
Qeyd edək ki, neft bazarı iştirakçılarından fərqli olaraq fond birjalarının investorları işsizliyə görə müavinət almaq istəyənlərin sayının azalmasını müsbət qiymətləndiriblər. Nəticədə, ABŞ fond indeksi nəzərə çarpacaq müsbət göstərici ilə qapanıb.