Bu da mənim sənə
Bu da mənim sənə
Mən sənin ayrılığını kədərli mahnılar dinləyə-dinləyə, əlimi iş-gücdən soyudub, evdən çıxmadan, televizoru, işığı, telefonu söndürüb, ovuc-ovuc sakitləşdirici dərman udandan sonra, başımı key-key yastığın altına soxaraq, yaşamaqdan yorulmuşam.
Mən sənin ayrılığını üzümdə kədər, gözlərimdə yaş, damarlarımda ağrı, ürəyimdə sıxıntı gəzdirə-gəzdirə yaşamaqdan yorulmuşam. Mən sənin ayrılığını yeməkdən-sudan küsüb, yaşamaqdan usanıb, dost-tanışı zəhərləyə-zəhərləyə yaşamaqdan yorulmuşam.
Mən sənin ayrılığına hazır olmadığımı bilməməkdən yorulmuşam.
Daha heç nəyi düzəltməyin mümkün olmadığını biləndə, duyduğum qəribə hissin verdiyi o acı, ağrılı, hüzünlü rahatlığa sığınmaqdan yorulmuşam.
İndi…
…Mən sənin ayrılığını indi bayağı seriallara, mənasız söhbətlərin baş alıb, getdiyi dəyirmi masalara, səs-küylü maqazin verilişlərinə baxa-baxa yaşamağa hazır olduğumu bilmək istəyirəm.
Mən sənin ayrılığını əlim klaviaturada, gözüm monitorda, qulağım uzaqdan gələn sıradan səslərdə yaşamağa hazır olduğumu bilmək istəyirəm.
Mən sənin ayrılığını işə gedib gələ-gələ, dostlarla görüşə-görüşə, vaxtlı-vaxtında yeməyimi yeyib, vaxtlı-vaxtında yazımı yazıb, vaxtlı-vaxtında kədərimi çəkə-çəkə yaşamağa hazır olduğumu bilmək istəyirəm.
Mən ən olur-olmaz bir vaxtda sənin adını birinin dilindən eşitməyə, təsadüfi bir mahnının səni xatırlatmağına, hardansa gələn küləyin nəyə görəsə sənin qoxunu gətirməyinə, başımı qaldırıb, baxdığımda adının bir supermarketə yapışdırıldığını görməyə hazır olduğumu bilmək istəyirəm.
Mən səndən ayrılmağa hazır olduğumu bilmək istəyirəm.
Amma…
…Amma telefonumu açıram. Mesajlarını, adını pozmaq istəyirəm. Və bu dəmir-dümür, kauçuk, proqram yığını mənə «bu adı (bu SMS-i) pozmaq istədiyinizdən əminsiniz?» sualını verir. Lap sənin məndən «əminsənmi?» deyə soruşduğun sayaq. Sənə qətiyyət nümayiş etdirə bilmədiyim kimi, telefonun da qarşısında gücsüzlüyümü dərk eləyirəm.
Amma heyif, heyif ki...
«Yox» deyib, telefonların boynuna sarılmaq olmur!
«Yox» düyməsini basıram…
Bilirəm. Hazır deyiləm.