Dolların özəlliklə avro və digər aparıcı valyutalara nisbətən ucuzlaşması qızıl və neftin qiymətlərinin qalxmasına səbəb olur. Qızılın bir unsiyasının qiyməti 1069 dollar 45 sentə satılıb. Bu da yeni rekord göstəricidir. Nyu-Yorkdakı NYMEX birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir barreli 2,40 dollar bahalaşaraq 77,58 dollar təşkil edib. Brent markalı neftin bir barreli isə 74,45 dollara satılıb ki, bu da əvvəlki ticarət günündə qeydə alınan göstəricidən 1,35 dollar bahadır. Qiymət artımı isə davam edir. Dolların ehtiyat valyuta olaraq istifadəsinə qarşı alternativ arayışları, əmtəə qiymətlərinin artmasını dəstəkləyir. Beləliklə, iqtisadi böhranın nə zaman başa çatacağının məlum olmaması, investisiya yatırımlarından gəlirliyin azalması, dünya ticarət həcminin aşağı düşməsi, Çin Mərkəzi Bankı başda olmaqla bir çox mərkəzi bankların dollar deyil (10 il bundan əvvəl dünyada dolların valyuta ehtiyatlarında payı 60 faizdən yuxarı olduğu halda, hazırda bu göstərici 37 faizə enib), qızıl ehtiyatlarınını artırmaq istəyi və gələcəklə bağlı sosial- iqtisadi narahatlıqlar dolların mövqeyini zəiflədən, qızıl və əmtəə qiymətlərini qaldıran səbəblərdir. Nəticədə avronun məzənnəsi ABŞ valyutasına nisbətən möhkəmlənir və onun tədricən dünya valyutası olmaq imkanları artır . Bu isə Avropa Birliyi ölkələrini narahat edir. Vahid Avropa valyutası de-fakto olaraq artıq ABŞ valyutasının əsas rəqibinə çevrilib və dövlətlərarası hesablaşmalarda daha geniş istifadə edilməyə başlayıb. Dollar zəiflədikcə, avroya müraciət edənlərin sayı da artır. Yuxarıda qeyd etdiyim kimi bu avropalıları heç də sevindirmir. Nəzərə çatdıraq ki, avro dollar kimi dünya valyuta ehtiyatı kimi yaradılmayıb. Yəni, Avropa Mərkəzi Bankının heç vaxt avronu qlobal miqyasda istifadə etmək planı olmayıb. Güclü avro Avropa Birliyi üçün sərfəli deyil. Qeyd edək ki, dolların məzənnəsi avroya nisbətən son 14 ayın ən aşağı həddinə düşüb. Bir avro artıq 1,49 dollara dəyişdirilir ki, bu da avro/dollar nisbətinin tarixi maksimuma yaxınlaşacağına bir işarədir. 1 avronun 1,6038 dollara dəyişdirilməsi ötən ilin iyulunda qeydə alınıb. Bəs avronun möhkəmlənməsi Avropa Birliyinə niyə sərfəli deyil? Məlum olduğu kimi güclü valyuta yerli istehsalın vəziyyətinin heç də əla olduğunu göstəricisi deyil. Çünki bu, Avropa Birliyi ölkələrinin ixrac məhsulunun qərqabət qabiliyyətini aşağı salır. Bahalı Avropa məhsulları isə xarici dövlətlərə ixrac olanda onların qiymətləri kifayət qədər yüksək olur. Aydındır ki, belə olan halda həmin məhsulların alıcıları az olur, ona tələbat azalır və bazardan sıxışdırılıb çıxarılır. Digər tərəfdən avronun məzənnəsinin dollara nisbətən möhkəmlənməsi yerli bazarın ucuz idxal məsulu ilə dolmasını stimullaşdırır. Nəticədə uçuz idxal məhsulları yerli analoji məhsulların istehsalını əhəmiyyətsiz edir, istehsal müəssisələrinin fəaliyyətini iflic edir. Ona görə də, Avropa Birliyi güclü avro tərəfdarı deyil və onun dünya valyuta ehtiyatına çevrilməsini istəmir.
ABŞ isə dolların məzənnəsinin aşağı düşməsinin qarşısını almaq üçün konkret addımlar atmaq niyyətində deyil. Bu səbəbdən də ABŞ Ehtiyat Sistemi uçot dərəcəsini artırmağı planlaşdırmır və dolların kütləvi satışını davam etdirir. Artıq dövriyyədə kifayət qədər dollar var. ABŞ-a isə ölkə iqtisadiyyatını dirçəltmək üçün ucuz dollar daha sərfəlidir.